Azərbaycan
Tarix
Ən qədim zamanlardan XX əsrin əvvəllərinədək
XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300 - 400 min il bundan əvvəl yaşamış qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.
Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Tarixi Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixi var. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq yaranıb. Eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub. Manna dövləti yalnız Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı mübarizə aparırdı. Eramızdan əvvəl VIII əsrin sonu – VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Sonrakı dövrlərdə nə Əhəməni-İran imperiyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilməyib. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəlib. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəlib. Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə çoxsaylı irandilli və ərəb mənşəli əhali köçürdülər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi, onlara geniş imtiyazlar verildi. Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi və Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə, ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi: Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verdi. 600 ilə qədər davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, İslam dininin bütün ölkə ərazisində yayılması Azərbaycanın sonrakı inkişafında mühüm rol oynadı. Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış dövlətlərdən heç biri uzun tarixi dövr ərzində Azərbaycanın bütün ərazisini əhatə edən vahid, davamlı, qüdrətli dövlətə çevrilə bilmədi və davamlı siyasi sabitlik təmin olunmadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi. Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti xalqımızın etnik-siyasi tarixində xüsusi çəkiyə malikdir. Azərbaycan intibahı özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı. XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil dövlətin daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, onun hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, xalqın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti – Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Səfəvi dövləti qısa müddətdən sonra Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla, Şimali Hindistanı ələ keçirdi. Lakin onun bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Beləliklə, XVIII əsrin ikinci yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla da Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli fürsət düşdü. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: Azərbaycanın şimalı Rusiyaya, cənubu isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı. Buna baxmayaraq, vətənpərvər insanların, görkəmli ziyalıların fəaliyyəti sayəsində Azərbaycan xalqının mənəvi inkişafı təmin edildi, onun tarixi yaddaşı, milli mədəniyyəti qorunub saxlandı. Azərbaycan maarifçilik hərəkatı tariximizin ən vacib dövrlərindən birini təşkil etdi. Bu mərhələnin Azərbaycan xalqının mədəni və siyasi dirçəlişindəki rolu əvəzsizdir.
Birinci Respublika: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi üçün mühüm işlər görüldü, dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dili dövlət dili elan olundu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi və xalqın, milli dövlətçiliyin sonrakı illərdə hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən digər mühüm məsələlərin həlli istiqamətində məqsədyönlü addımlar atıldı. Birinci Respublika: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl Azərbaycanda qadınlara seçki hüququ verildi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olduqca mürəkkəb tarixi şəraitdə - erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və özlərinə dövlət qurmaq üçün torpaq iddiaları irəli sürməsi şəraitində, Batumi danışıqları nəticəsində əldə edilmiş kompromis varianta əsasən İrəvanın paytaxt kimi Ermənistana verilməsi oldu. Bu böyük tarixi səhv Azərbaycan xalqının həyatında növbəti faciələrə və ermənilərin davamlı ekspansiyasına yol açdı. 1918-ci il dekabrın 7-də saat 13:00-da H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan idi. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti dövründə qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyektinə çevrilməsi 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra onun bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
İkinci Respublika: Azərbaycan sovet hakimiyyəti illərində (1920-1991)
1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi. Sovet hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyi çətin sınaqlar qarşısında qaldı. 1920-1922-ci illərdə Azərbaycanın artıq beynəlxalq birlik tərəfindən de-fakto tanınmış müstəqilliyi formal olaraq qismən qorunub saxlandı. 1922-ci ilin martında Cənubi Qafqazın üç respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlət – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSSRFİ) çərçivəsində birləşdirildi və bununla da formal müstəqillik tam aradan qaldırıldı. Sovet İttifaqı dövründə Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər rayonlar Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometrə bərabər olan ölkə ərazisi 86,6 min kvadratkilometrə qədər azaldıldı. Bundan başqa, 1923-cü il iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu qərar Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması istiqamətində atılmış birinci addım oldu. Azərbaycanda sovet hakimiyyətinə qarşı müqavimət qəddarcasına, sürgünlərlə, repressiyalarla cavablandırıldı. 1937-ci il repressiyaları zamanı sovet hakimiyyəti ilə barışmayan Azərbaycan xalqının görkəmli ziyalılarının əksəriyyəti müxtəlif bəhanələrlə həbs edildi, Sibirə, Qazaxıstan çöllərinə sürgün edildi, bir çoxu güllələndi. Azərbaycan xalqı II Dünya müharibəsi illərində böyük fədakarlıq göstərdi, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Bakı nefti faşizm üzərində qələbənin əldə olunmasında mühüm rol oynadı. 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların ardıcıllıqla həll edilməsi baxımından tarixi hadisə oldu. İkinci Respublika: Azərbaycan sovet hakimiyyəti illərində (1920-1991) Üçüncü Respublika: Azərbaycan Respublikası 1970-1980-ci illərin əvvəllərində respublika iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən çoxsaylı sənaye müəssisələrinin, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması iqtisadi infrastrukturu köklü surətdə dəyişdirdi, onun aqrar respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin hazırladı. Beləliklə, bütün məhrumiyyətlərə baxmayaraq, sovet hakimiyyəti illərində, xüsusilə 1969-1982-ci illərdə əldə olunmuş nəhəng potensial XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşmuş dövlətimiz üçün çox gərəkli oldu.
Üçüncü Respublika: Azərbaycan Respublikası
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Az müddət sonra Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi. Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. Azərbaycan Xalq Cəbhəsi-Müsavat iqtidarı yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət dəyişməyə başladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqil dövlət quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası Heydər Əliyevin milli inkişaf strategiyasının başlıca konturlarını təşkil etdi. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu. 2003-cü il, 2008-ci il, 2013-cü il və 2018-ci il (növbədənkənar) prezident seçkilərinin nəticələri bu dəstəyin bariz nümunələridir. Xalq-iqtidar birliyi müstəqil Azərbaycanda inkişafın əsas amilidir. Bu gün Azərbaycanın adı dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasındadır, Azərbaycanın öz tərəfdaşları ilə həyata keçirdiyi nəhəng layihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi. Zəngin dövlətçilik irsinə malik Azərbaycan xalqı şanlı keçmişi ilə qürur duyur, əldə etdiyi və göz bəbəyi kimi qoruduğu azadlığını tarixi uğur kimi qiymətləndirir, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi bu əzmi və iradəni, tarixi irsə və mədəniyyətə olan sonsuz sədaqəti aydın şəkildə əks etdirir. Bu gün Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi tarixində ən böyük quruculuq və qayıdış dövrünü yaşayır.