Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hacıyev Elmaz Elmar oğlu

Soyad: Hacıyev
Ad: Elmaz
Ata adı: Elmar
Doğum tarixi: 09.05.1994
Şəhid olub: 04.11.2020
Rütbə: hərbi vəzifəli əsgər

Elmaz Elmar oğlu Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub. 3 qardaş olublar. Şəhidimiz ailəli və iki övlad atası idi. Elmar və Yağmur indi atasız böyüyürlər...

Azərbaycan Ordusunun əsgəri olan Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. O, noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, əbədiyyətə yola salınıb...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elmaz Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

"Oğlum müharibənin başa çatmasına cəmi 6 gün qalmış, noyabrın 4-də, bir ayının tamamında Laçında Şəhid oldu. Ayın 3-dən 4-nə keçən gecə isə yuxumda oğlumun, Elmazımın Şəhid olduğunu görmüşdüm"…

Bunu Bakının Xəzər rayonunun Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidi Elmaz Elmar oğlu Hacıyevin anası Ziyafət xanım deyir.

Şəhidimiz axırıncı dəfə ailəsi ilə ölümündən bir gün öncə, noyabrın 3-də danışıb. Şəhid anası övladının Şəhidliyindən yalnız bir həftə sonra, müharibənin başa çatdığı, Qələbə əldə edildiyi gün, noyabrın 10-da xəbər tuta bilib. Övladının nəşini də 27 gündən sonra şəhid olduğu yerdən, Laçından özü tapıb gətirib…

“Yuxumda gördüm ki, Elmaz əlində çanta dağdan üzü aşağı eni. Və bir ağacın yanına yaxınlaşır, əyləşir…Dedi ki, "Ana, mən, bax burada Şəhid olacağam"… Elə yuxumda gördüyüm kimi də olub…Oğlum həmin yerdə, yuxumda gördüyüm yerdə şəhid olub…Kaş bu yuxunu görməz olaydım…Oğlum, Elmazım yanımda, bizim aramızda olaydı…Onsuz çox çətindir mənə…”-deyən şəhid anası Ziyafət xanım göz yaşlarına hakim ola bilmir...

Keçidlər