Şəhid Fərzullazadə Mehdi Zaman oğlu
Soyad: FərzullazadəAd: Mehdi
Ata adı: Zaman
Doğum tarixi: 27.07.1995
Şəhid olub: 07.11.2020
Rütbə: Əsgər
Mehdi Zaman oğlu Fərzullazadə 27 iyul 1995-ci ildə Bakının Bülbülə kəndində anadan olub. 2002-2012-ci illərdə Bakı şəhər 208 saylı tam orta məktəbdə orta təhsil alıb. Məktəb illərində idman yarışlarında, əsasən futbolda qazandığı uğurlara görə aldığı xeyli sayda fəxri fərmanla təltif edilib. 2013-2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun (Şəmkir korpusu) sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu, Murov yüksəkliyini qoruyan igidlərimizdən biri olub. "Döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nailiyyətlərə görə" komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib.
Əgərlikdən qayıdıb mülki həyatın sərbəstliyini dadmadan, o dəqiqə özünə iş axtarmağa başlayıb Mehdi. Avtoservisdə usta köməkçisi kimi işə düzəlib. Tezliklə işinin sirlərinə yiyələnib. Usta kimi tanınmağa başlayıb. 2020-ci ilin iyulunda Tovuzda düşmən təxribatı nəticəsində bir neçə əsgər və zabitimizin, xüsusilə general-mayor Polad Həşimovun şəhadət xəbəri ona da ağır təsir edib. Mehdi düşmənlə düyüşmək üçün könüllü olaraq ordu sıralarına yazılıb.
Mehdi sentyabrın 21-də Suraxanı hərbi komissarlığı tərəfindən döyüş təlimlərinə çağırılıb və Vətən müharibəsinin başladığı ilk gündən hücum əməliyyatlarına qatılıb. Mehdi Füzuli-Cəbrayıl-Xocəvənd istiqamətlərində şərəfli döyüş yolu keçib, 41 gün ərzində mənfur düşməni "iti qovan kimi" torpaqlarımızdan qovan cəsur döyüşçülərimizdən biri oldu. Mehdi Fərzullazadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən 612-ci yüksəklik istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirərəkən minomyot mərmisinin qəlpəsil yaralanıb qəhrəmanlıqla şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mehdi Fərzullazadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Sonralar, bölük komandiri leytenant İlkin Rzaquliyev Mehdinin ailəsinə onun necə rəşadətlə, düşmən gülləsindən zərrə qədər qorxmadan vuruşması barədə danışıb. Ən yaxın döyüş yoldaşı Firudin Seyidovun dediyinə görə, Mehdi döyüş zamanı nə qədər ağır vəziyyətdə olursa olsun, yaxınlıqdakı yoldaşının köməyinə çatmağa həmişə hazır idi. Beləcə neçə-neçə döyüş yoldaşına ilk tibbi yardım göstərək ölümdən xilas etmişdi. Döyüş başlayan kimi isə dərhal düşmən üstünə şığıyırdı, elə bil həmişəki sakit oğlan deyildi. Füzulinin Qacar, Yuxarı Əbdürrəhmanlı, Veysəlli, Qaraxanbəyli kəndlərinin, həmin bölgədə yerləşən bir neçə strateji yüksəkliyin azad edilməsi əməliyyatlarında, eyni zamanda, yaralı silahdaşlarının xilas edilməsində böyük xidməti olmuş, xüsusi igidliklər göstərmişdi.
Mehdi mübarizədə olduğu müddət ərzində ara-sıra baş tutan telefon danışıqlarında da həmişəki kimi çox danışmır, hər dəfə yalnız bunu deyirdi ki, "İrəli gedirik, düşməni əzirik" . Anasına isə heç onu da demirdi: "Hər şey yaxşıdır, ana, mən döyüşmürəm, postda durmuşam".
Qəhrəman şəhidimizin dayısı, yazıçı-publisist Etibar Kərimli yazır ki, Mehdinin adını nənəsi - bütün müqəddəs islam ziyarətgahlarını ziyarət etmiş rəhmətlik Zərxanım bibi veribmiş:
"Mehdinin əsas işi, həyatının başlıca məqsədi ətrafında ona ehtiyacı olanlara əlindən gələn köməyi göstərmək olmuşdu. Qohum-əqrəbada, qonşuluqda keçirilən bütün irili-xırdalı məclislər onsuz keçmirdi. Dinməz-söyləməz hər yerə qaçırdı, hər işin qulpundan tuturdu və bir dəfə də olsun yoruldum demirdi. Kiməsə kömək etmək üçün ona ağız açmaq lazım deyildi, əlindən gələn bir iş idisə, özü gedirdi... Buna görə də, orduya könüllü yazıldığını biləndə, şəxsən mən, dayısı olaraq, qətiyyən təəccüblənmədim...Vətənin də ağır günündə ona ağız açmasını gözləmədən köməyinə qoşdu, düşmənlə əzizlərinin, qohum-əqrabasının, bütün xalqının arasında Mehdi özünü sipər etdi - yəni bizim xilaskarlarımızdan oldu!"
Yazıçı qeydlərinə davam edir:
"...Sonda həyatımın kiçik bir epizodunu buraya həkk etmək istəyirəm. Əvvəllər o qədər də əhəmiyyət vermədiyim, amma son günlər məni rahat buraxmayan epizod... Bir dəfə Mehdini də götürüb, Bülbülə qəbiristanlığına, valideynlərimizin qəbirlərini səliqə-sahmana salmağa getmişdim. Rəhmətlik atamın, onun babasının qəbrini tikan-qanqaldan təmizləyə-təmizləyə ağızucu dedim ki, bir vaxt gəlib mənim də qəbrimi beləcə təmizləyərsən... Bunu deyəndən sonra baxışlarımız qarşılaşdı. Mehdinin reaksiyasını o vaxt anlaya bilmədim. Həmişəki kimi yenə susmuş, yalnız qəribə bir təbəssüm qonmuşdu üzünə... Belə bir fikir var ki, şəhidlər çox öncədən duyub-bilirlər öz talelərini... Əcaba, Mehdi o zaman öz qismətində şəhadət olduğunu bildiyinə görəmi mənim sözlərimə gülümsəmişdi?!..”