Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Noçiyev Surxay Əbdül oğlu

Soyad: Noçiyev
Ad: Surxay
Ata adı: Əbdül
Doğum tarixi: 19.12.1988
Şəhid olub: 09.11.2020
Rütbə: Kapitan

Surxay Noçiyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003-2006-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.

Zabit kimi fəaliyyəti müddətində Noçiyev Surxay Tağım komandiri, Bölük komandiri, Qərargah rəisi və 29 yaşında Tabor komandiri vəzifələrində çalışıb. Surxay Noçiyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tabor komandiri kimi ön xətdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhərində Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına Şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Noçuyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Noçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Surxay Noçuyev cəbhəyə yollanan gün körpə Fidanı doğulub. Ailəli olan Surxaydan geriyə iki körpə balası qalıb. Üzünü belə görmədiyi iki aylıq Fidan və atasının şəhidliyindən hələ də xəbərsiz olan beş yaşlı Uğur.


Surxay Noçuyev Əbdül oğlu aşağıdaki medallarla təltif edilmişdir:

— "Vətən Müharibəsi Qəhrəmanı" medalı
— III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
— "Vətən uğrunda" medalı (ölümündən sonra)
— "Qubadlının azad olunmasına görə" medalı
— "Şuşanın azad olunmasına görə" medalı
— "Füzulinin azad olunmasına görə" medalı

Keçidlər