Şəhid Babayev Fərhad Məhərrəm oğlu
Soyad: BabayevAd: Fərhad
Ata adı: Məhərrəm
Doğum tarixi: 30.01.1992
Şəhid olub: 24.10.2020
Rütbə: Əsgər
Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ilin 30 yanvarında Bakıda doğulub. 1998-2010-cu illərdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə təhsil alıb. 2010-cu ildə Qazaxdakı hərbi hissədə xidmətdə olub.
Ailənin ən kiçiyi olan Fərhad 24 oktyabr 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
- "Fərhad hələ general Polad Həşimovun dəfnindəki izdihamı görüb, özünə şəhidlik arzulayırdı.- anası Səmayə xanım deyir,- Fərhad dağlanan sinəmi qürurlandırır... Mən onun necə biri olduğunu bilirdim. Axı mən anayam, onu fikirlərindən, danışmayanda gözlərindən oxuyurdum. O qədər səliqəli idi, o qədər təmizkar idi ki. Balamı məndən yox, eldən soruşun, yoldaşlarından, dostlarından, qohum-əqrəbadan soruşun, onun necə biri olduğunu desinlər.
“Heç olmasa deyirəm qazi kimi qayıdaydı, ayağını itirəydi, nəfəsi üstündə olaydı. Anayam, özümə təskinlik verirəm, amma hər dəfə uşağımın dəfni yadıma düşəndə ölürəm. Hər şənbə onu ziyaərətə gedirik, sadəcə, dözə bilmirəm. Biri var valideyn itkisi, qohum itkisi, bir də var bala itkisi. Bu, sadəcə dözülməzdir".
Fərhadın şəhidlik zirvəsinə ucalmasından 4 ay keçməsinə baxmayaraq, Səmayə xanımın övlad yarası hələ də qanayır, hələ də kimsə ovundura bilmir onu: “Fərhad şəhid olana qədər mən bilmirdim ki, orduya könüllü yazılıb. Elə bilirdim hərbi komissarlıq çağırıb. Fərhad general Polad Həşimov şəhid olanda yoldaşları ilə birgə onun dəfn mərasiminə getmişdi. Evə gələndə dedi, “ana, şəhid olmaq nə gözəl şey imiş”. Dəfndəki izdiham ona əlçatmaz duyğular vermişdi, o sözü o qədər ürəkdən dedi ki... “İnşallah şəhidlik bizə də qismət olar”. İnsan nəyi içdən arzulayırsa, ona da nail olur. Fərhadım kimi...Gedəndə çox yalvardım ki, bala, bəlkə getməyəsən. Dedi, “Ana, mən getməyim, o getməsin, bəs kim getsin?!”"
Səmayə xanım heç bir anaya övlad itkisi arzulamadığını deyir: "Telefonlarını, saatını çıxarıb televizorun yanında qoyub getmişdi. Bizə zəng edəndə də yoldaşlarının telefonundan zəng edirdi. Hər gün əlaqə saxlayırdı, ya da əvvəldən xəbər edirdi ki, 1 həftə olmayacaq. Şəhid olan gün, oktyabrın 24-də saatı da dayanıb. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlıda döyüşüb. Şəhid xəbəri də Qubadlıdan gəldi. Sonradan Füzuliyə aparıblar. Təsadüfən qonşu uşaqlar yardım aparanda deyiblər ki, Günəşli uşağı şəhid olub. Sonra qardaşı getdi nəşini gətirməyə. Doymadım balamdan, hər dəqiqə darıxıram onunçün. Səhər qəbr üstündən gəlmişik. Onsuzluğa öyrəşməliyəm deyirlər, amma öyrəşə bilmirəm, alınmır. Heç cür vərdiş edə bilmirəm”...
Şəhidimizin anası deyir ki, Fərhadın rayonda dəfn olunmasını atası istəyib:
"Onsuz da biz də gedəcəyik onun yanına. Xiyabanda dəfn olunsaydı, bu mümkünsüz olacaqdı. Ona görə qərar verdik ki, rayonda dəfn edilsin. Sonra biz də ondan ayrı düşməyək. Fərhadın dəfni vaxtı rayonlara gediş-gəliş qadağan, yollar bağlı idi, amma sağ olsunlar bizə şərait yaratdılar”.
Musiqi müəlliməsi olan Səmayə xanım şəhidimizin sevdiyi qızdan da danışıb: "Sevdiyi qiz Nigar Cəbrayıldandır, 24 yaşı var. Cəbrayıl alınanda Fərhad zəng edib ki, "Vətənini azad etmişik”. O qızı məcburən bizə çağırdım. Bizimlə qonşu binada yaşayır. Bilirdim ki, ürəyi yanır, ürəyi burdadır. Ona görə çağırdım. Dedim, "Nigar, sən mənim qızımsan. Allah qoysa, ailə də quracaqsan, xoşbəxt də olacaqsan, amma mənim qızım olaraq qalacaqsan"... Onu görəndə elə bilirəm Fərhadımı görürəm. İgidimdən bir nişanə bilirəm onu. Fərhad onu çox istəyirdi. onun ürəyində bircə Nigar vardı. 5 il idi bir-birilərini sevirdilər. Hər dəfə elçi getmək istəyəndə nəsə olurdu. Axırıncı dəfə pandemiya düşdü, sonra da müharibə aldı apardı oğlumu bizdən”...
Səmayə ana 4 aydır hər gün Fərhadı işə yola saldığı vaxtda yuxudan oyanır: “4 aydır mən hər səhər altının yarısı dururam, Fərhadı işə getməsi üçün oyatdığım vaxtda. Hər səhər ürəyim əsir. Hər gün səhər atası ilə birlikdə səhər yeməyi yeyib çıxırdılar. İndi gözyaşıyla oyanıram hər səhər. Artıq dözə bilmirəm, getdikcə səhhətim də pisləşir, təzyiq, ürək hamısı bir-birinə qarışıb. Bir də gecə yerimə girəndə doyunca ağlayıram. Uşaqların yanında özümü bacardıqca saxlayıram ki, pis olmasınlar".
Fərhadlı xatirələri dilləndirdikcə şəhidin şəkli ilə dərdləşirdi ana: “Yaxşı səsi vardı. Yarışmalar olanda deyirdim bəlkə sən də gedəsən. Deyirdi, “Ay ana, ora mütrüflərin yeridir”. Çox sevirdi “Qaragilə” mahnısını. Oxuduğu mahnını mən də qəbri üstə oxuyuram: “Gəlmişəm otağına, qaragilə oyadam səni...” Amma nə qədər harayladımsa, oyanmadı balam..”
Evin böyük oğlu Zamiq deyir ki, Fərhad hərbi xidmətə yollananda heç 18 yaşını tamamlamamışdı: “18 yaşını yanvarın 29-da, yolda tamamladı. Qazaxda qulluq etmişdi. Əsgərlikdə xidmətdə olanda rabitədə olub. Ona görə də könüllü gedəndə də rabitəyə yazmışdılar... Hərbi xidmətdən qayıdandan sonra bərbər işləməyə başladı. Sonra özəl şirkətdə atamla birlikdə həm də sürücü işləyirdi. Bizim həyətdə fiziki qüsurlu bir oğlan var. Onu hamı Fərhadın gəzdirdiyi oğlan kimi tanıyırdı. Hər gün işdən gələndən sonra onu əlil arabasında gəzdirirdi ki, qoy təmiz hava alsın. Ərinmirdi, nə qədər yorğun olsa da, onu mütləq gəzdirməyə gedirdi. Mən indi bilirəm ki, qardaşım necə oğlan olub. Onun haqqında elə şeylər danışırlar ki, sinəm onun yoxluğu ilə dağlansa da, qürurdan qabarır. Fərhadı öz əlimlə müharibəyə yola saldım, öz əlimlə də nəşini gətirdim. Çox ağırdır, bir qardaş kimi mənə çox ağırdır. Qəlpə qolundan girib, ürəyini, ciyərini dağıtmışdı. Amma bilirsiniz, üzündə qəribə bir təbəssüm vardı. Sanki ölümün üzünə gülür, arzuladığı şəhadətə yüksəldiyi üçün özünü xoşbəxt hiss edirdi. Əslində şəhidlərin içində qardaşımı axtaranda hamısının üzündə təbəssüm gördüm. Elə bil gülə-gülə yatmışdılar, şəhidliklə bərabər nur gəlmişdi üzlərinə”.
Qardaşı Zamiq Fərhadın şəhid olduğu gündən danışır: “Qubadlı yaxınlığında çörək yeməyə oturublar. Həmin vaxt üzərlərindən dron uçub. 5 nəfər olublar. İki nəfər ayaq üstə, üçü oturubmuş. Ayaq üstə olanlar ağır yaralanıb, oturanların üçü də - Orxan, Mürsəl, Fərhad,- şəhid olublar. Yaralılar deyir ki, özlərində də səhlənkarlıq olub, o qədər inamlı imişlər ki, düşmən onları görməz deyə düşünüblər. Həm də deyirlər ki, o qədər gizli yollarla gedirlərmiş ki, insan görə bilməzmiş, ancaq dronla vurmaq mümkün imiş. Düşmən də bundan istifadə edib”.
Bacısı Aysel Fərhadla bağlı xatirələrindən danışanda üzündə qeyri-ixtiyari təbəssüm yaranır:
“Baxmayaraq ki, ali təhsil almamışdı, amma xarakterində bir kübarlıq vardı. Deyirdim atama nəsə olsa, arxamda Fərhad var... Özüm müəlliməyəm. Yayda 3 aylıq maaşımı alırdım, bir də ayılırdım ki, pulum qurtarıb. Fərhad hər maaş alanda mümkün deyildi ki, bazarlıq edib bizə, uşaqlarımın yanına gəlməsin. Pandemiyadan sonra sentyabrda işə getdim, üstümdə cəmi 3-5 manat pulum vardı. İş yerim anamgilə yaxın olduğu üçün nahar fasiləsində bura gəlirəm. Həmin vaxt Fərhad da nahar edirdi. Soruşdu ki, bacı, pulun var? Dedim hə, var, niyə yoxdur. Nahar etdim getdim işə. İşdə çantamı açanda gördüm pulqabımda 50 manat. Bilirəm axı üstümdə cəmi 3-5 manat pulum var. O dəqiqə bildim ki, Fərhadın işidir. Zəng elədim ki, "Fərhad pulu sən qoymusan?" Danışmağıma imkan vermədi, dedi "işinlə məşğul ol". Hamımızdan kiçik olmasına baxmayaraq, ata qayğısı vardı onda.Qardaş həqiqətən bacıya dayaqdır. Gedişi ilə elə bir boşluq buraxıb arxasında, onu heç kim doldura bilməz. Onunla etdiyimiz söhbətlər, zarafatlar, birgə getdiyimiz yerlər... Çox çətindir onsuz. Allah heç bir bacıya qardaş dağı çəkdirməsin”.