Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət idarəçiliyi sahəsində yeni inkişaf mərhələsinə keçid

12 may 2020 | 16:00

Təkmilləşdirilmiş kadr islahatları nəticəsində peşəkarlıq səviyyəsinin yüksəldilməsi dövlət idarəçiliyi sahəsində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir!

  Təkcə ölkəmizdə deyil, Azərbaycanda davam edən ictimai-siyasi proseslərlə maraqlanan bəzi xarici dairələrdə də Cənab Prezident İlham Əliyevin reallaşdırdığı kadr islahatları böyük maraqla izlənilir və yüksək qiymətləndirilir. Bu islahatlara müxtəlif ekspertlər fərqli münasibət bildirirlər. Cüzi istisnaları nəzərə alsaq, həmin rəylərin böyük əksəriyyətində həqiqət var.

  Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident ­İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni, həm də nümunəvi inkişaf modeli təqdim edir. Bu modelin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardır. Respublikamızın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış müasir Azərbaycan görərik.

  Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs bir daha təsdiqləyir ki, islahatlar davamlı xarakter daşıyır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Bu islahatlar uğurlu nəticələr verməkdədir.Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir.

  Son illər həyata keçirilən ciddi kadr islahatları, xüsusilə, gənclərə böyük etimad göstərilməsi ölkəmizin sürətli inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə təsirsiz ötüşmür. İdarəetmə sahəsində zəngin biliyə, geniş dünya görüşünə malik gənclərə üstünlük verilməsi rəğbətlə qarşılanır və   gənclərin gələcəyə ümidini daha da artırır. Dövlət strukturlarının təkmilləşdirilməsi, yeni idarəetmə üsuluna keçid bürokratik maneələrin aradan qaldırılmasında da özünü biruzə verir.

  Dövlət başçısının son vaxtlar kadr dəyişiklikləri ilə bağlı imzaladığı növbəti sərəncamlar siyasi idarəçilik sferasında mühüm dəyişiklikləri özündə ehtiva edir. Kadr islahatları ardıcıl kompleks islahatların tərkib hissəsidir və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir. Hazırda ölkənin, demək olar ki, bütün fəaliyyət sferalarında gənc kadrlarla yanaşı təcrübəli kadrların fəaliyyətinə böyük önəm verilir.    

  Cənab Prezident hələ 2015-ci ildə  bildirmişdi ki, bizim istənilən sahəni inkişaf etdirmək üçün konkret nəticələri məlum olan planlarımız, proqramlarımız var, istənilən sahədə islahatlar aparmaq üçün fikirlərimiz, təkliflərimiz var və vaxtı çatdıqca bu layihələrimizin hamısı reallaşacaqdır.    Bu, belə də oldu. Cənab Prezident 6 dekabr  2016-cı il tarixində  “­Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzaladı. Sənəddə qeyd edilirdi ki, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir: “Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.  Dövlət başçımızın apardığı kadr islahatları haqqında söz açan ekspertlər yazırlar ki, İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Vitse-prezidentlik institutu yaradılanda da ekspertlər bunu vaxtında atılmış çox düzgün addım kimi dəyərləndirmişdilər.  Təbii ki, Azərbaycanda aparılan kadr islahatlarının növbəti mərhələs,   son günlər imzalanmış sərəncamlar millli dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək mühüm addımlardır.

  Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Subyektivliyin aradan qaldırılması üçün sərt reqlamentlərə əsaslanan ənənəvi modellərdən fərqli olaraq yeni idarəetmə modelləri bunun üçün şəffaflığın artırılmasını ön plana çəkir.  Sərt qaydaların deyil, optimal  menecment metodlarının  tətbiqi, insan kapitalı, ictimai rəy, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğu arasındakı zəruri əlaqə müasir islahatların əsas qayəsi kimi çıxış edir. Müvafiq olaraq respublikamızda aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına, dövlət qulluğunun xalqa qulluq mənasını ifadə etməsinə, məsuliyyətli, kreativ, dövlətinə və xalqına sadiq kadr potensialının formalaşdırılmasına xidmət edir.

  Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini  səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir.   Cənab Prezidentimizin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin  yaradılması  və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir  idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən  amillərin aradan qaldırılması istiqamətində ki çoxşaxəli fəaliyyəti vətəndaşlar tərəfində yüksək qiymətləndirilir ki, bu sadə insanların cənab Prezidentə ünvanladıqları çoxsaylı müraciətlərində  öz əksini tapır.  Demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sistemində müasir modellərdən bəhrələnməklə yanaşı, milli-tarixi dövlətçilik ənənələrinə, milli idarəçilik təliminə və maraqlara uyğun formalaşdırılan yeni idarəetmə modeli xalqa xidmətin, şəffaf və səmərəli idarəetmənin konseptual əsaslarını yaratmağa istiqamətlənmişdir. İslahatların mühüm konseptual innovasiyası mütərəqqi modellərin müsbət cəhətlərini siyasi varisliklə, milli maraqlarla uyğunlaşdırılmaq və tətbiq etmək vətəndaşa yönümlü modern idarəetmə modelinin formalaşdırılmasında ifadə olunur. Respublikamızda yeni inkişaf mərhələsinin mühüm təminat şərti kimi təsbit olunan səmərəli dövlət idarəetməsinin qurulmasına yönələn dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur, şəffaflığın təminatı, kadr potensialının  zənginləşdirilməsi ictimai həyatın bütün sahələrinin dinamik inkişafı  ilə eyni ahəngdə uğurla davam etdirilir.

Xalqımız, eləcə də, Suraxanı rayon gəncləri əmindirlər ki, yeni kadr təyinatları dövlətimizin və dövlətçiliyimizin inkişafına çox mühüm töhfələr verəcəkdir.

Suraxanı rayon Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov

https://hafta.az/dovlet-idareciliyi-sahesinde-yeni-inkisaf-merhelesine-kecid%C2%A0%C2%A0%C2%A0%C2%A0%C2%A0%C2%A0%C2%A0%C2%A0-280386-xeber.html?fbclid=IwAR2ItmE-YLLgMwqQH6RuqY6zMh7HHw5jSTuHjgYfw9kOSzytWZ31_sAeBdY

Keçidlər