Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2019-cu ilə yekun vuruldu

25 fevral 2020 | 16:00

“Suraxanı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət ediblər.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən islahatlar, ölkəmizin regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafını, qarşıya qoyulan tapşırıqların icrasını  təmin edib.
2019-cu il ərzində rayonda sənaye məhsulunun istehsalı 392,9 milyon manat, nəqliyyat xidmətləri 13,5 milyon manat, rabitə xidmətləri 1,95 milyon manat, iaşə dövriyyəsi  20,3 milyon manat olub,  203,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, 70,8 milyon manat investisiya cəlb edilib, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1,157 milyard manatlıq əmtəə satılıb və  213,6 milyon manat məbləğində ödənişli xidmətlər göstərilib,  orta  aylıq  əmək haqqı  676 manat  təşkil  edib,  5280  yeni  iş yeri  açılıb.
2019-cu il ərzində cənab Prezident dörd dəfə  Suraxanıya gəlib. Aprelin 18-də cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva əsaslı şəkildə yenidən qurulan Qaraçuxur qəsəbəsindəki  “Neftçilər” parkının açılışında iştirak edib, mayın 10-da cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 28-ci kilometrliyində  keçmiş yod-brom zavodunun ərazisində salınan yaşıllıq sahəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə kampaniyasında iştirak edərək ağac əkiblər.
Dövlət başçısının tapşırığına əsasən keçmiş yod-brom zavodunun ərazisində çirklənmiş 67 hektar sahəsi təmizlənərək bərpa edilib, kollektor-drenaj sistemi qurulub, bu ərazidə 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınıb.
Sentyabrın 12-də cənab İlham Əliyev Yeni Suraxanı qəsəbəsində 101 nömrəli, sentyabrın 13-də isə Bülbülə qəsəbəsində 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub. 
Rayon rəhbəri qeyd edib ki, 2019-cu il ərzində  rayon yollarının əsaslı təmiri ilə bağlı irimiqyaslı işlərə başlanılıb və ümumilikdə 20 km. uzunluğunda yolda yenidənqurma işləri aparılıb.
Hazırda Hövsan qəsəbəsi, “Xəyal adası” yaşayış sahəsinə uzunluğu 5,5 km. olan yeni alternativ yolun çəkilişi işləri, Dənizkənarı küçəsində 1,3 km., Oqtay Şabanov və Elman Qasımov küçələrində 1,8 km., keçmiş Hövsan südçülük sovxozu ərazisinin mərkəzi küçələrində 3,5 km., Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrinin 4,0 km-lik hissəsində əsaslı yol tikintisi və asfaltlama işləri aparılır, həmin küçələrdə bordürlar düzülür, yeni işıq dirəkləri quraşdırılır, avtobus dayanacaqları qurulur, Əmircanın küçələrində diametri 800 mm uzunluğu 1,9 km.  olan yeni yağış-kanalizasiya kollektoru tikilir.
Yeni Suraxanı qəsəbəsinin bütün daxili yollarının əsaslı təmiri işləri davam edir. Eyni zamanda Yeni Suraxanı qəsəbəsinin kanalizasiya şəbəkəsi olmayan küçələrində 14,0 km. uzunluğunda kanalizasiyə xətlərinin çəkilişi işlərinə başlanılıb.
Hesabat dövründə rayonun aidiyyəti idarələri tərəfindən  2 ədəd elektrik yarımstansiyasında transformatorlar daha güclüsü ilə əvəzlənib, 2520 metr kabel çəkilib, 17,5 km. qaz xətti çəkilib, əsaslı təmir olunub və ya dəyişdirilib, 25,3 min p.m. su və 2574 p.m. kanalizasiya xətti çəkilib, 2942 p.m. qəzalı su xətti və 35 ədəd siyirtmə dəyişdirilib, istilik sisteminə qoşulmuş 341 çoxmərtəbəli yaşayış binası, 19 məktəb, 18 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə  istilik  verilişi  təmin  olunub.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Əmircan qəsəbəsində yerləşən 97 və 154 saylı məktəblərin köhnə binalarının yerində yenilərinin tikintisi işləri  davam etdirilir, Bülbülə qəsəbəsində 3 nömrəli uşaq incəsənət məktəbinin yeni binasında tikinti-quraşdırma işləri  başa çatmaq üzrədir.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi 7, 8, 9,10, 10A, 10V, 10B  ünvanlarda 4200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binaları təmir olunaraq abad məhəllə salınib və  10 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva həyətin açılışında, o cümlədən kütləvi ağacəkmədə iştirak edib.  Sözügedən layihə çərçivəsində Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində 7 bina, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış  sahəsində 12 bina, Samir Cəfərov küçəsində 14 bina olmaqla, ümumilikdə 15 hektar ərazini əhatə edən, 10 000-ə yaxın əhalinin yaşadığı 156 girişli 33 binada və məhəllələrdə abadlıq işləri aparılır. 
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin  ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində yaşayış və digər təyinatlı binaların tikintisi işləri  başa  çatdırılmış  və  mənzillərin  satışına  başlanılib.
Ölkənin hər yerində olduğu kimi, Suraxanı rayonunda da ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində görülən işlərin miqyası artmış,  2019-cu il ərzində rayon ərazisində  70,8 min ədəd ağac əkilmiş,  neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 2,0 hektar olan müxtəlif ölçülü 28 gölməçə qurudulmuş, lay suları və neftlə çirklənmiş 16,4 hektar torpaq sahəsi təmizlənərək bərpa olunmuş,  46 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənərək abadlaşdırılmış,  “Qum adası”nın şərq hissəsində 10 hektar ərazi metal və digər bərk tullantılardan təmizlənmiş, Əmircan-Qaraçuxur yolunun sol tərəfində 2 hektar qamışlıq mədən ərazisi torpaqla doldurulmuşdur.
8 aprel tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və RİH-in birgə təşkilatçılığı ilə yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 2000 ədəd  müxtəlif  cinsli  ağacların  tingləri  paylanib.
6 dekabr tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağac əkilmiş, Suraxanı rayonunda 4300 nəfərin iştirak etdiyi aksiyada 10100 ədəd şam və meyvə ağacları əkilib. 
Hesabat dövrü ərzində RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə rayonda bir çox ictimai-siyasi tədbir keçirilib, dövlət bayramları və əlamətdar günlər qeyd edilib.
Ölkə başçısının bütün vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq fevral-may aylarında 159,0 mindən yuxarı rayon sakini (əhalinin 88,0%-i)  və 127 müəssisənin kollektivi tibbi müayinədən keçib. 5 aprel 2019-cu il tarixdə RİH-in və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkil etdiyi növbəti aksiyada Mərkəzin Avtomobil Səyyar Klinikası Hövsan qəsəbəsində olmuş və 172 nəfər sakin həkimlər  tərəfindən  müayinə  olunub.
26 fevral tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!”  kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Qaraçuxur qəsəbəsi, “Neftçilər” parkında 613 ağac əkilib.
Ötən il  ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2591 nəfər vətəndaş qəbul edilib, keçirilən 45 səyyar görüş-qəbulda 4227  sakin  iştirak  edib.
Rayon Məşğulluq Mərkəzində 4528  nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, qeydiyyata alınan vətəndaşlardan 1887 nəfəri işlə təmin olunub, 103  nəfər peşə hazırlıq kurslarına göndərilib, 236  nəfər özünüməşğulluq  proqramı üzrə təlimlərə  cəlb  edilib, onlardan  28  nəfəri   aktivlərlə  təmin  olunub.
2019-cu ildə rayon üzrə 850 nəfər işsiz vətəndaş yeni yaradılmış “DOST İŞ Mərkəzi” MMC tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilib,  hazırda  823 nəfər  bu  sahədə  çalışır.
2019-cu il ərzində 71 məcburi köçkün ailəsi dövlət tərəfindən Qobu-2 yeni yaşayış sahəsində mənzillə təmin olunaraq köçürülüb.
Azərbaycanın Milli Qəhrəmanı Tahir Bağırovun ailəsinin Yeni Suraxanı qəsəbəsində yaşadığı fərdi yaşayış evi Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə yenidən qurulub, həyəti abadlaşdırılıb.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev, rayonun müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış edib.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xüsusi vurğulayıb ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, inamlı və stabil inkişafı ölkəmizin Prezidenti ilə birbaşa bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz iradəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid məqsəd uğrunda səfərbər edən və arxasınca aparan əvəzolunmaz  liderdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri  qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.

Keçidlər