Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir

30 mart 2018 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitunun və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvlərinin, Milli Məclisin deputatları Ağacan Abiyevin, Sevinc Fətəliyevanın, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun bir qrup nümayəndəsinin, YAP Suraxanı rayon təşkilatının fəallarının, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başladı.
Bir dəqiqəlik sükutla soyqırımı şəhidlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın əziz xatirəsi yad edildi.
Sonra Azərbaycanlıların Soyqırımı haqqında  Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış film  nümayiş olundu.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.  Rayonda “31 mart  Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Rayon rəhbəri bildirdi ki, bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.
İlqar Abbasov vurğuladı ki, Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir.
Dövlətimizin başçısı bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa edir, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid edir, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.
Belə bir kompleksin inşası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə vacib əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündə çox ciddi layihələr reallaşdırır.
İlqar Abbasov xüsusi vurğuladı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası öz töhfəsini verməkdədir. Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitununu elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov bildirdi ki, son illərdə İnstitun alimləri müxtəlif arxivlərdə araşdırmalar aparmış və Azərbaycanlıların soyqırımı ilə bağlı mühüm sənədlər, faktlar tapmış, bütün bunları dünya ictimaiyyətinə çatdırmaqda müəyyən işlər görmüşlər.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Xocalı rayonundan məcburi köçkün Xəlil Vəliyev ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən danışdı.

 

Keçidlər