Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

11 dekabr 2017 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Ağsaqqallar Şurası, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın, Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının, YAP Suraxanı Rayon Təşkilatının İdarə Heyətinin üzvləri, 3 mindən yuxarı ictimaiyyətin nümayəndələri və rayon ziyalıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdi. Sonra tədbir iştirakçıları Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ümummilli Liderin xatirəsinə həsr olunmuş Poçt markalarına və kitab sərgisinə baxdılar.
Rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Millət Atası” filmi nümayiş olundu.
Anım tədbiri Azərbaycan Respublikasının dövlət himninin  səsləndirilməsi ilə başladı.
Dünya miqyaslı siyasətçi, sağlığında əfsanəviləşən, haqq dünyasına qovuşduqdan sonra bu dünyanın fəlsəfəsinə, hikmət qaynağına çevrilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, tədbirimizin Respublika Ağsaqqallar Şurası ilə birgə keçirilməsi təsadüfi deyildir. Azərbaycanda "ağsaqqal" sözü həmişə uca tutulub. Ulu Öndər Heydər Əliyevin istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə ağsaqqallar daim yanında olmuşdur.
Öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Böyük Azərbaycanlı, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Ötən zaman kəsiyi göstərdi ki, Ulu Öndərin həlledici bir məqamda hakimiyyətə gəlişi, Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin daimi yaşamasına zəmin yaratdı. Ümummilli Liderin əbədiyyətə qovuşmasından 14 il keçir.
Bu günlər Respublikamızın hər yerində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir daha anılır.
İnsanın vətəninin timsalına çevrilməsi nadir hadisələrdəndir...
Məhz, Ulu Öndər dünyanın bu, əlçatmaz mətrəbəyə yüksələn nadir şəxsiyyətlərindən biri oldu.
Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil edir. Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır.
Ulu Öndərin Azərbaycan təəssübkeşliyi nəticəsində 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkə çərçivəsindən çıxaraq SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdir. Görülən bu işlər Azərbaycançılığın formalaşmasının sosial-iqtisadi əsaslarını təşkil edən xidmətlərin bir nümunəsidir. Azərbaycançılıq məfkurəsinin mənəvi əsasını təşkil edən Azərbaycan dilinin 1978-ci ildə, Sovet İmperiyasının çiçəkləndiyi bir dövrdə qəbul edilmiş Konstitusiyada dövlət dili kimi təsbit edilməsi, Heydər Əliyev dühasının unikal nailiyyəti idi.
Bütün bunlar vətəndaş, şəxsiyyət və lider kimi Heydər Əliyevin dövlətçilik təfəkkürü və Azərbaycançılıq məfkurəsinə ən çətin dönəmlərdə də sadiq qalaraq Azərbaycanda milli mənlik şüurunun inkişafındakı xidmətlərinin bariz göstəricisidir.
2003-cü ildən bəri ötən zaman kəsiyi də Ümummilli Liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamşıçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev istər övlad, istər rəhbər, istər sərkərdə kimi Heydər Əliyev ucalığının təcəssümüdür, ən ümdə xəyalları gerçəyə çevirən dövlət başçısıdır. Cənab Prezidentlə çiyin-çiyinə çalışan, Onun ən yaxın silahdaşı, Heydər Əliyev siyasi kursuna, Azərbaycançılıq ideologiyasına əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun, milli soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti artıq sərhədləri aşaraq, sorağı planetin sayılıb-seçilən dövlətlərindən, ən mötəbər qurumların tribunalarından gəlir.
Heydər Əliyev siyasəti yaşayır və Azərbaycanın müstəqilliyini əbədi və dönməz edir.
Tədbirdə uzun illər Ulu Öndərin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində yorulmadan çalışmış, bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Müstəqil Azərbaycan Respublikasının çiçəklənməsinə öz töhfəsini verən, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, el ağsaqalı,  Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Millət vəkili Fəttah müəllim Heydərov çıxış edərək qeyd etdi ki, Ümummilli Lider mənim xatirəmdə, dünyanın ən gözəl insanlarından biri kimi, işıqlı dünyanın ilahi tərəfindən yaradılmış ən gözəl, qədd-qamətli boy-buxunlu, fiziki cəhətdən çox sağlam, həmişə yadda qalan və yaradılmışların əksəriyyətindən fərqlənən, seçilən gözəl insan kimi yadda qalıb. Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işlədiyim üçün onun  şəxsi və rəhbərlik sahəsindəki yüksək keyfiyyətlərini bu gün də xatirəmdə canlandırıram və hesab edirəm ki, o nadir insanlardan biri idi ki, onda böyük uzaqgörənlik, məxsus olduğu insanlara, xalqa, torpağa böyük sədaqət hisslər var idi. Və o hisslər tamamilə onun vücudunda idi, varlığında idi. Heydər Əliyev yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Ədaləti, düzlüyü, səmimiyyəti, insani keyfiyyətləri xüsusilə qiymətləndirən, ona məna verən bir böyük şəxsiyyət idi. Heydər Əliyevdə müqəddəs ideyalar, əməllər ətrafında insanları ətrafına yığmaq, öz arxasınca aparmaq qabiliyyəti var idi. Ona məxsus olan ən böyük keyfiyyətlərdən biri də səmimi olmaq idi. Ona görə də Heydər Əliyev ilk baxışda onunla təmasda, ünsiyyətdə olan insanları inandırır və onları doğru yola, düz yola istiqamətləndirməyi bacarırdı. Xalqa arxalanan, xalqı hər zaman öz arxasında görən, qəlbində Azərbaycan insanına məhəbbət olan rəhbər həmişə qalib olur.
Ümummilli Lider olmasaydı, müxtəlif qruplaşmalar Azərbaycanı parçalayacaqdı. Azərbaycanın bir hissəsi Şərqə, bir hissəsi Qərbə, bir hissəsi Şimala, bir hissəsi də Cənuba parçalanacaqdı. Müstəqil Azərbaycan, bugünkü Azərbaycan olmayacaqdı. Azərbaycan xalqı müdrik xalqdır. Bu xalqın möhtəşəm bir dövlət kimi yaşamağa haqqı var. Azərbaycan dünyada tanınır. Dünyanın bütün qitələrində Azərbaycan insanı var, Azərbaycan sözü var. Azərbaycan məfhumu var. Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti hörmətli prezidentimizin cənab İlham Əliyevin rəhbərliyi sayəsində, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində daha geniş miqyasda tanınır. Azərbaycan var, yaşayır, əbədi olaraq yaşayacaq.
Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, tarix elmləri doktoru, akademik Teymur Bünyadov, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Olimpiya Komitəsinin baş katibi, Millət vəkili Ağacan Abiyev çıxış etdilər.
Tədbiri yekunlaşdıran İlqar Abbasov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirməklə yanaşı, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - Azərbaycançılıq ideologiyasının müəllifidir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf edir.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin  təbliğində və Suraxanı rayonunun ictimai həyatında fəal iştirak etdiyinə görə Azərbaycan Respublikasının  Ağsaqqallar Şurası Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərildi.

Digər şəkillər -  /gallery/32.html

Keçidlər