Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid Oleq Nikolayeviç Mamontovun xatirəsi yad edilmişdir

10 fevral 2017 | 16:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Oleq Nikolayeviç Mamontovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron-Lektoriya zalında keçirilən tədbirin əvvəlində Oleq Nikolayeviç Mamontovun döyüşdüyü Səbail tank batalyonu haqqında qısa film nümayiş etdirildikdən sonra bir dəqiqəlik sükutla Oleq Nikolayeviç Mamontovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd etmişdir ki, zaman-zaman Azərbaycan xalqına qarşı soyqırım siyasəti yürüdən ermənilər yenicə müstəqillik qazanmış ölkəmizə silahlı basqın etdilər, Qarabağ və onun ətraf rayonları dünya ictimaiyyətinin gözü qarşısında işğal edildi, minlərlə soydaşlarımız öz doğma yurdlarından vəhşicəsinə qovuldu, qətlə yetirildi, amansız işgəncələrə məruz qaldılar.
Azərbaycanın oğul və qızları belə bir çətin siyasi, iqtisadi böhran şəraitində Vətənin müdafiəsinə qalxaraq erməni silahlı birləşmələri ilə qeyri-bərabər döyüşə girdilər. Düşmənlə döyüşlərdə daha da möhkəmlənən ordumuzun milli tərkibi  Azərbaycan xalqının tərkibi kimi çoxmillətli idi. Ölkəmizdə yaşayan, Azərbaycanı Vətəni hesab edən ruslar, yəhudilər, ukraynalılar, ləzgilər, tatarlar, talışlar və digər millətlərin nümayəndələri döyüşə yollanaraq ölüm-dirim mübarizəsində göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazdılar.  Belə döyüşçülərdən biri də Səbail tank batalyonunda döyüşən Oleq Nikolayeviç Mamontov olmuşdur. O, Ağdam istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdir. 1993-cü il oktyabrın 12-də Ağdam uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələn Oleq döyüş meydanında şəhid olmuşdur.
Afət Həsənova qeyd etmişdir ki, Suraxanı rayonunda Vətənin azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” adlanır. Həmin proqrama əsasən ötən dövrdə 14 ünvanda 28 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir. Oleq Nikolayeviç Mamontovun həyat yolu hər bir gənc üçün örnəkdir. Oleq Nikolayeviç Mamontovun əziz xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaqdır.
“Dədə Qordud” Milli Fondunun prezidenti Eldar İsmayılov çüxış edərək bildirmişdir ki, Oleq Nikolayeviç Mamontov “Dədə Qordud” Milli Fondunun “Vətən Övladı” ordeni ilə (ölümündən sonra), anası Yelena Mamontova isə  “Mehriban Ana “ ordeni ilə təltif edilmişlər. Ördenlər Oleq Nikolayeviç Mamontovun anası Yelena Mamontovaya təqdim edildi. 
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri  Bayram Səfərov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin nümayəndəsi Konstantin ata, Azərbaycan Hərb Tarixi Muzeyinin rəis müavini Lalə Hüseynova, Səbail tank taburunun sabiq komandiri Hacı Əzimov, Oleq Mamontovun cəbhə yoldaşları çıxış edərək Oleq Mamontovun qəhrəmanlığından danışmış, onun əziz xatirəsinin hər bir insanın qəlbində yaşayacağını, qəhrəmanlığının hər bir gənc üçün örnək olduğunu xüsusi qeyd etmişlər.
Tədbirdə həmçinin Bakı Dağ Yəhudiləri İcmasının sədri  Milix Yevdayev multikultural dəyərlərin, tolerantlıq ənənələrinin təbliğində və Suraxanı rayonunun ictimai həyatında fəal iştirakına görə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Keçidlər