Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

26 yanvar 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına daim diqqət və qayğı göstərir. Bu, Suraxanıda da aydın nəzərə çarpır. Təkcə ötən il ərzində rayonda bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Küçələr, məhəllədaxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanıb, piyada səkiləri təmir edilib, hasarlar rənglənib, yeni işıqlandırma dirəkləri quraşdırılıb, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib, fasad hissəsi müasir üzlük daşları ilə bəzədilib, giriş blokları və pilləkənlər təmir edilib. Küçələrin kənarında və binaların qarşısında səliqə-səhman yaradılıb, ağac və gül kolları əkilib.
Dövlət proqramlarının icrası sayəsində 2016-cı ildə rayonun Hövsan qəsəbəsində də yollar, məhəllədaxili küçələr və səkilər təmir edilib, bu yaşayış məntəqəsini şəhərlə birləşdirən Hövsan-Zığ yolunun yenidən qurulması işləri davam etdirilib, içməli su problemi əsaslı həll olunub, əhalinin məişət qazı, elektrik enerjisi ilə fasiləsiz təminatı yoluna qoyulub. Bütün bunlarla yanaşı, çoxmərtəbəli binaların, məktəb və səhiyyə obyektlərinin əvvəllər istiliklə təminatında yaranan fasilə aradan qaldırılıb.
Qəsəbədə yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə nəzərəçarpacaq müsbət nəticələr əldə edilib.
Bütün bunlar barədə Hövsan inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rayon rəhbərliyi, xidmət qurumları təmsilçiləri və sakinlərin iştirakı ilə keçirilən toplantıda son bir ildə əldə olunan uğurlardan və növbəti layihələrdən ətraflı söhbət açılıb. Qəsəbə nümayəndəsi Ağasəlim Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin paytaxtın inkişafına göstərdiyi diqqət və qayğıdan, Hövsanın abadlaşdırılması, burada sakinlərə hər cür şəraitin yaradılması istiqamətində görülən işlərdən,  mövcud problemlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   rayon və onun qəsəbələrinə göstərdiyi ardıcıl, sistemli diqqət və qayğını sakinlərin böyük razılıqla qarşılamasından, bu işlərin miqyasının ildən-ilə genişləndirilməsindən və nəzərdə tutulan növbəti işlərdən ətraflı bəhs edib. Qeyd edib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, rayon icra hakimiyyəti qəsəbənin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini bundan sonra da diqqət mərkəzində saxlayacaq.
Başçı, həmçinin bildirib ki, rayon, o cümlədən Hövsan qəsəbə sakinləri ötən il keçirilən referendumda bir daha Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiqliyi nümayiş etdiriblər,  Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin təklif etdiyi davamlı inkişaf xəttini bütünlüklə dəstəkləyiblər.
İlqar Abbasov xatırladıb ki,  rayon sakinləri son illər ölkəmizdə sosial-iqtisadi və mədəni sahədə əldə edilən böyük uğurları haqlı olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin bütün bölgə və regionlara, o cümlədən Suraxanı rayonuna göstərdiyi gündəlik diqqət və qayğının nəticəsi kimi qiymətləndirir, sabaha böyük inam və ümidlə baxırlar.
Toplantıda sakinlərin arzu, istək və təklifləri səslənib. Suallar cavablandırılıb, nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Sonda yığıncağın yekunu üzrə müvafiq qərar qəbul olunub.

Keçidlər