Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 20 Yanvar faciəsi silsilə tədbirlərlə qeyd edilmişdir

19 yanvar 2017 | 16:00

"20 Yanvar” faciəsinin iyirmi yeddinci  ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
“20 yanvar faciəsinin iyirmi yeddinci  ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 30 dekabr 2016-cı il tarixli sərəncamının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin yad edilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə “20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünün Suraxanı rayonunda keçirilməsi ilə bağlı tədbirlər planı”  təsdiq edilmişdir.
Tədbirlər planına uyğun  olaraq rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılmışdır.
Rayonda fəaliyyət göstərən sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə tədbirləri təşkil olunmuşdur. Məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm, inşa yazı müsabiqələri keçirilmişdir.
Rayonun qəsəbələrindəki şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuşdur.
19 yanvar tarixdə rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar, rayonun hüquq-mühafizə orqanlarının, sənaye, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatların nümayəndələri, qonaqlar iştirak etmişdir.
Əvvəlcə Mərkəzin 1-ci mərtəbəsində Mərkəzin Rəsm studiyasında məşğul olan şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş sərgisinə baxış oldu.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı. Sonra 20 yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq xatırlanır.  Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü  uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsidir.
Rayon rəhbəri qeyd etmişdir ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər Lider oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan Azərbaycanlılar Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı gördülər. Ümummilli Lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.
Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Ulu Öndərin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu.
Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı.
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.
İlqar Abbasov vurğulamışdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xalqımızın tarixinə, tarixi hadisələrinə həssas münasibəti də xüsusi qeyd olunmalıdır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” kompaniyası çərçiəsində reallaşdırılan tədbirlər hər yerdə böyük əks-səda doğurub. Bundan başqa, Qarabağ münaqişəsi, xalqımızın tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunub, filmlər çəkilib. Bu və digər çoxsaylı layihələr zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsinə nail olunması istiqamətində böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon Təşkilatını sədri Vüqar Seyidov, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər, “Səhər” qəzetinin keçmiş redaktoru, “20 yanvar: Güllələnmiş qəzet” kitabının müəllifi Məzahir Süleymanov, jurnalist, tədqiqatçı Zemfira Məhərrəmli, “Qadın və inkişaf” mərkəzini direktoru, 20 Yanvar şəhidinin həyat yoldaşı Şövkət Xanməmmədova, 20 Yanvar Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Bəxtiyar Ağayev çıxış etdilər.
Tədbir bu sözlərlə yekunlaşdı: 20 Yanvar bizim azadlıq mübarizəmizin şərəfli tarixidir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Tədbir boyu zaldakı ekranlarda bəşər tarixinin dəhşətli cinayət hadisəsi olan "20 Yanvar” faciəsi haqqında video-çarx nümayiş olundu.
Tədbirdən sonra 20 Yanvar cəmiyyətinin Suraxanı rayon şöbəsinin üzvlərinə ərzaq yardımı göstərildi.

Keçidlər