Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Nəsibə Zeynalovanın 100 illiyi qeyd edildi

20 aprel 2016 | 16:00

Bakı şəhər Mədəniyyət və Turiz İdarəsinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Zeynalovanın 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirilmişdir.
Dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Xalq artisti Nəsibə Zeynalovanın həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişindən sonra çıxışlar oldu.
Yubiley tədbirində Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, respublikanın əməkdar artisti Ayan Mirqasımova, aktyor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlili, kinoşünas Aydın Kazımzadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Sadıxov, ssenarist, aktyor Qasım Səfəroğlu çıxış etdilər.
Çıxışlarda qeyd olundu ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev  Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın 100 illiyi münasibəti ilə 17 mart 2016-cı il tarixdə Sərəncam imzalamışdır.
Sərəncamın icrası istiqamətində ölkəmizin hər yerində ölməz aktrisa - Azərbaycan Respublikasının xalq artisti Nəsibə xanım Zeynalovanın 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir.
Vurğulanmışdır ki, qüdrətli sənətkar Nəsibə xanım Zeynalova parlaq yaradıcılıq yolu keçərək yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoymuşdur. Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir. Milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş böyük aktrisa Nəsibə xanım Zeynalova Azərbaycan teatrsevərlərinin qəlbində "Qaynana" kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, uzun illər işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan bir sənətkar kimi əbədi yaşayacaqdır.
Çıxışlarda qeyd olundu ki, teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. İnsanları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirhaqlığa və gözəlliyə məhəbbət oyatmaq – bundan böyük sevinc, bundan böyük səadət olarmı?! Lakin bu səadət asanlıqla başa gəlmir. Səhnə oraya hər qədəm basana sevinc paylamır. Aktyor populyarlığı, tamaşaçı məhəbbəti gərgin zəhmətə qatlaşmaqla, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmaqla qazanılır. Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə xanım Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdır.
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə xanım Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi.
Nəsibə xanım Zeynalovada tükənməz istedad, heç kəsə bənzəməyən bacarıq və peşəkarlıq vəhdət təşkil edirdi. O, bütün həyatını, varlığını doğma mədəniyyətimizin inkişafına, tərəqqisinə vermişdir.
Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində 60 ildən çox keçirdiyi yaradıcılıq ömrü milli incəsənətimizə, xalqımıza sədaqətlə xidmət etməyin ən bariz nümunəsidir. Nəsibə xanım Zeynalovanın adı milli mədəniyyətimizə xidmətlərinə görə səhnəmizin görkəmli korifeyləri ilə bir sırada çəkilir.
Tamaşaçılar Nəsibə xanım Zeynalovanı Milli Teatrımızda göstərdiyi əvəzsiz xidmətlərlə bərabər, eyni zamanda istedadlı kinoaktrisa kimi də tanıyırıq. Bədii filmlərdə yaratdığı bir sıra obrazlar “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib. Nəsibə xanım Zeynalovanın uzun illər böyük həvəs və sənətkarlıqla canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar milli mədəniyyətimizin qiymətli inciləridir və hər dəfə efirdə nümayiş edilərkən hər birimiz böyük maraqla izləyirik. Böyük sənətkar yaratdığı obrazları ilə qəlblərdə əbədi yaşayacaqdır.
Sonra respublikanın əməkdar artisti Nailə Mirməmmədlinin pianinoda müşaiyəti ilə Günay Hüseynova və Aygün Abbaszadə “Qaynana” filmindən “Biz mehriban ailəyik” mahnısını ifa etdilər.
Yubiley tədbirinin sonunda xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova çıxış etdi və ailəsi adından göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirdi.

Keçidlər