Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur.

08 yanvar 2021 | 16:00

Hələ çox qədimlərdən bizə gəlib çatmış, qədim yazı nümunəmiz olan "Kitabi-Dədə Qorqud" dastanından başlamış bu günümüzə qədər olan yazılı mənbələrdə ana dilimizin zənginliyinin, rəvanlığının şahidi oluruq. Ana laylamızın bizə əmanətidir doğma dilimiz. Zamanla saysız-hesabsız yadelli işğalçılar dilimizi unutdurmaq, bizləri öz kökümüzdən ayırmaq istəsələr də, buna nail olmamışlar. Çünki, damarında azərbaycanlı qanı axan hər bir kəs ən böyük, müqəddəs varlığımız olan dilimizi göz bəbəyi kimi qorumuş, onu nəsildən-nəslə ötürmüşdür. Ana dilimizi tarixin səhifələrindən silmək istəyənlərin əksinə olaraq, xalqımız daş kitabələrdə, qayaüstü yazılarda, bayatılarda, qoşmalarda Azərbaycan dilimizi qoruyub onu nəsildən-nəslə ən müqəddəs varlığımız kimi ötürmüşlər. Ana dilimiz beləcə, əsrlərin sınaqlarına sinə gərərək, alınmaz bir qalaya çevrilib. Gələn hər yeni nəsil doğma dilimizin zənginliyinə yeni-yeni töhfələr bəxş edib. Dünyanın ən zəngin kitabxanalarında Azərbaycan dilində olan nadir kitablar bu gün də qorunmaqdadır.
Bu nadir, qədim əlyazmalarda Azərbaycan dilinin ən nəfis, dahiyanə əsərləri yaranıb. Klassik irsimizin ana dilimizdə yazılan ədəbiyyat nümunələrimizdə,- İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi şairlərimiz möhtəşəm söz, sənət inciləri yaratmışlar.
Bu müxtəlif janrlı ədəbi əsərlər- poemalar, qəzəllər, qəsidələr bu gün də özünün ecazkarlığını, təravətini, təsir qüvvəsini qoruyub saxlamaqdadır.
Azərbaycan dilinin qorunmasında və inkişafında klassik söz sənətimizlə yanaşı, müasir, çağdaş ədəbiyyatımız, ən müasir tələblərə cavab verən təhsil ocaqlarımız, məktəbdənkənar təhsil müəssisəsi olan uşaq-gənclər inkişaf mərkəzlərinin də əhəmiyyəti olduqca böyükdür. Bu təhsil ocaqlarında fəaliyyət göstərən yüksək ixtisaslı, peşəkar müəllim heyəti uşaqların asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların istedad və bacarıqlarını inkişaf etdirir, elm, sənət, incəsənət, bir sözlə, hansı sahədə olursa olsun, sabahın əsl vətəndaşını, vətənpərvər övladını yetişdirir.
Məktəbdənkənar təhsil ocaqlarında mütəmadi olaraq keçirilən müxtəlif səpkili debatlar, breyn-rinqlər, dəyirmi masalar, müsabiqə və baxışlar burada fəaliyyət göstərən dərnək üzvlərinə, məşğul olduqları sahənin incəliklərinə daha dərindən və geniş şəkildə bələd olmasına, bununla yanaşı, onların dünyagörüşlərinin düzgün formalaşmasına şərait və imkan yaradır. Ana dilimizin qayda və qanunlarını, ədəbi dilimizin norma və üslublarını tədris edən "Bədii qiraət", "Ədəbiyyatsevərlər", "Gənc aktyorlar", "Uşaq teatrı" kimi dərnəklərdə uşaqların ana dilimizdə səlis, aydın intonasiya və düzgün tələffüz qaydaları ilə nitqlərinin inkişafı üzərində səmərəli məşğələlər keçirilir. Uşaqlar ana dilimizdə yazılan uşaq ədəbiyyatı nümunələrindən, müxtəlif nağıllardan, uşaq pyeslərindən maraqlı tamaşalar hazırlayırlar. Bundan başqa, şair və yazıçıların əsərlərindən ibarət kompozisiyalar hazırlayır, viktorinalar, disputlar keçirirlər. Beləliklə, uşaqlar Azərbaycan dilimizin dünənini və bu gününü, klassik və müasir ədəbi nümunələrin vasitəsilə mükəmməl öyrənir, bu dildə təkcə gözəl danışmağı deyil, eyni zamanda gözəl yazı dilini də öyrənirlər. Onlar ədəbi dilin yeni nümunələrini məhz özləri yaratmağa səy göstərirlər. Məktəbdənkənar təhsillə məşğul olan uşaqlar sırasında kifayət qədər ədəbi yaradıcılığa meyl və maraq göstərən uşaq və gənclər var. Bu gün onların qələmlərinin ruhunda yüksək vətənpərvərlik eşqi, yüksək azərbaycançılıq ideyaları, gələcəkdə xalqına, millətinə yararlı olmaq kimi ən ali ideyaları ifadə olunur.
Heç təsadüfü deyil ki, 30 illik həsrətə son qoyan 2-ci Qarabağ Müharibəsində məktəbdənkənar təhsillə məşğul olan uşaqlar da, müharibədə döyüşən əsgərlərimizin şücaətini əks etdirən, onlarda döyüş əzmini artıran müxtəlif şeirlərdən ibarət ədəbi-bədii kompozisiyalardan ibarət videoçarxlar hazırlayıb, onlayn platformada, internet üzərindən nümayiş etdirdilər. Doğma Azərbaycan dilimizdə səslənən hər bir şeir, sanki əsgərlərimizə ünvanlanan uğur nəğməsi idi.
Artıq doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu. Bu gün torpaqlarımız azaddır. O torpaqlarda abadlıq işləri görüləcək, torpağımız, yurdumuz canlanıb cənnətə dönəcək. Küçələrində doğma Azərbaycan dilimizdə ünvanlar yazılacaq. "Qarabağ Azərbaycandır!" şüarı Azərbaycan dilimizin ən şirin sözü və andı olacaq. Vətənimizi, Azərbaycan dilimizi qorumaqsa hər zaman hər birimizin şərəf işimiz olub və olacaq!

Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti

Keçidlər