Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində asfalt örtüyü salınır
20 dekabr 2022 | 13:57
İşğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə hazırlanmış konsepsiyaya uyğun olaraq dünyanın ən qabaqcıl və müasir texnologiyalarından istifadə olunmaqla həmin ərazilərdə qısa zaman çərçivəsində kommunal, iqtisadi və sosial strukturların qurulması, tikinti, bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi ölkəmizi bütün dünyaya əsl qurucu dövlət kimi tanıdır.
Bununla yanaşı abadlıq quruculuq işləri ölkəmizin hər yerində olduğu kimi Bakı şəhərinin qəsəbələrində də davam etdirilir.
Suraxanı rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə həyata keçirilir.
Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində uzunluğu 1000 metr olan yolda 6000 kv.m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.