Hövsan qəsəbəsində şəhid Oqtay Şabanovun adını daşıyan və Vətən müharibəsinin şəhidi Eissavi Muhamməd Mazen oğlunun ailə üzvlərinin yaşadığı küçədə asfalt örtüyü salınır
29 avqust 2022 | 10:05
Ölkə başçımız cənab İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş dövlət proqramlarına uyğun olaraq Azərbaycanın regionlarında, eləcə də paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə salınan müasir yollar əhalinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti sayəsində qazanılan Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə düşmən tərəfindən dağıdılmış infrastrukturun bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən birinə çevrildi. Qazandığımız bu Qələbənin ardından geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağda yenidən qurulan bütün infrastruktur layihələr sayəsində əhali öz doğma yurdlarına köçürüldükcə burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq və bu canlanma təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına gətirib çıxaracaq.
Aparılan geniş abadlıq-quruculuq işləri Bakı şəhəri və paytaxtətrafı qəsəbələrdə də davam etdirildiyi kimi Suraxanı rayonunda da həyata keçirilir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun sakinlərlə keçirdiyi görüşlər zamanı səsləndirilən müraciətlər nəzərə alınaraq, rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə davam etdirilir.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsində şəhid Oqtay Şabanovun adını daşıyan və Vətən müharibəsinin şəhidi Eissavi Muhamməd Mazen oğlunun ailə üzvlərinin yaşadığı küçədə uzunluğu 1200 metr olan yolda 6000 kv.m asfalt örtüyü salınır.