Şəhid Mustafazadə Ceyhun Şükür oğlu
Soyad: MustafazadəAd: Ceyhun
Ata adı: Şükür
Doğum tarixi: 27.01.1997
Şəhid olub: 10.10.2020
Rütbə: MAHHXHQ əsgər
Əsrlər keçəcək, amma Rəşadətli Ordumuzun hünəri, qəhrəman hərbçilərimizin şərəfli döyüş yolu haqqında dastanlar, hekayələr bitməyəcəkdir. Yenilməz Azərbaycan əsgəri xalqımızın milli ruhunu canlandırıb, həmrəyliyimizi daha da artırıb. Əyilməz iradəmiz, döyüşkən ruhumuz və həmrəyliyimiz qarşısında heç bir qüvvə tab gətirə bilməz. Böyük Zəfəri xalqımıza daddıran, bizə sonsuz qürur və fəxr hissi bəxş edən igid hərbçilərimizdir. Vətən Müharibəsinin cəsur kəşfiyyatçılarından biri də şəhid Ceyhun Mustafazadədir.
Mustafazadə Ceyhun Şükür oğlu 1997-ci il yanvar ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. 2003-cü ildə Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbdə orta təhsil almağa başlayıb. Hələ orta məktəbdə olarkən vətənpərvərliyi ilə seçilib. Onun dəftərlərinin arasından əsgər həyatı haqqında yazdığı şeirlər çıxır. 2013-cü ildə Ağcabədi Pedaqoji Kollecinin Texnologiya Müəllimliyi fakültəsinə qəbul olub. Kolleci bitirdikdən sonra 2017-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. Naxçıvanda Günnüt kəndinin alınmasında cəsur döyüşçü kimi vuruşub. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Fəxri fərman və saatla təltif edilib. Vətənin etibarlı müdafiəçisi Ceyhunun göstərdiyi şücaətlərə görə Mustafayevlər ailəsinə hərbi hissə rəhbərliyindən təşəkkür məktubu göndərilib. Təşəkkür məktubunda qeyd olunub ki, Ceyhun hərbi xidmətdə olduğu müddətdə özünü nizam-intizamlı, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə qorxmaz, igid və cəsur bir Azərbaycan əsgəri kimi göstərib. O, hərbi xidmətdə çalışqanlığı və qayğıkeşliyi ilə əsgər yoldaşlarının və hissə komandanlığının dərin hörmətini qazanıb. Məktubda həmçinin oğlunuz Ceyhun suveren, müstəqil Azərbaycan Dövlətinin mənafeyini yüksək tutaraq, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda öz əsgər borcunu layiqincə yerinə yetirir sözləri yazılıb. Ceyhun 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini Kəşfiyyatçı kimi davam etdirib.
Ceyhunun atası Şükür kişi də dövlətinə, millətinə layiqincə xidmət göstərib. Şükür kişi 1993-ci ildən 2004-cü ilə qədər Xocalı Rayon Poliş Şöbəsində post patrul xidməti vəzifəsində çalışıb. Polis orqanlarında çalışdığı ilk vaxtlardan Mustafayevlər ailəsi Xocalı qeydiyyatına düşüb. Şükür kişi Azərbaycanın Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai Birliyinin “Vətənpərvərlik işində” xidmətlərinə görə” medalı, AVMVİB - nin 25 illiyi yubiley medalı, “Müharibə veteranı” medalı və “Milli Ordu – 100” medalı ilə təltif edilib.
Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı döyüş əməliyyatlarına qatılıb. O, sonuncu dəfə atası ilə danışanda "düşmənin dizini yerə qoymuşuq, çox keçməz ki ağ bayraq qaldıracaqlar" deyib. Yüksək əhval-ruhiyyə içində danışan Ceyhun evdəkilərə narahat olmamalarını tapşırıb.
Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ceyhun Vətənə olan borcunu layiqincə yerinə yetirib. Döyüş yoldaşları daha qəzəblə, qisas hissi ilə döyüşərək Ceyhunun qisasını artıqlaması ilə alıblar.
Ailədə 3 qardaş olublar. Ceyhun ailənin ən kiçik övladı idi. Subay idi. Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilib. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.