Şriftin ölçüsü :

Saytın rəngi :

26.08.1994

26 avqust 1994-cü ildə Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına mədəniyyət sarayında "Suraxanı" neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

https://lib.aliyev-heritage.org/az/5730701.html

 

19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı neftinin iqtisadi və strateji əhəmiyyəti get-gedə artaraq iri yerli və xarici sahibkarların kəskin rəqabət obyektinə çevrilib. Buna görə də o vaxtlar neftin hasilat prosesini sürətləndirmək və asanlaşdırmaq məqsədilə paralel tədbirlər həyata keçirilib. Əvvəllər ucuz işçi qüvvəsinin gərgin əl əməyi nəticəsində qurudakı yataqlardan hasil edilən neftin tez bir zamanda sənaye üsulu ilə hasilatına başlanıb. Neftin sənaye üsulu ilə hasilatına başlanması Azərbaycanı dünyada neft hasilatının həcminə görə birinci yerə çıxarıb. "Bibiheybət", "Pirallahı", "Sabunçu" və "Suraxanı" kimi iri neft yataqlarında neft fontanının olması, onların sənaye üsulu ilə istismarı Azərbaycan neft sənayesinin tarixində hadisəyə çevrilib və beləliklə də, burada bu günə qədər davam edən neft bumu başlanıb.

Azərbaycanda milli burjuaziyanın formalaşması da bu dövrə təsadüf edib. Azərbaycanlı neft miliyonçularından Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsadullayev, Musa Nağıyev və başqaları Azərbaycanda neft sənayesi ilə bağlı infrastrukturun yaradılması və genişləndirilməsinə külli miqdarda sərmayə qoyublar və beləliklə də Bakının iri sənaye şəhəri kimi inkişafı başlayıb. Onlar Bakının elm və mədəniyyət mərkəzi kimi tanınmasında da əhəmiyyətli rol oynayıblar. Bu illərdə Bakıya xarici ölkələrdən mühəndislərin, geoloqların və işçi qüvvəsinin axını olub. Bakı bütün dünyada iri neft mərkəzi kimi məşhurlaşıb.

Yeni qurulmaqda olan milli iqtisadiyyatın inkişafında, xalqın maddi-rifah halının yaxşılaşdırılmasında həlledici amil kimi çıxış edən neft ehtiyatlarından səmərəli istifadə məqsədilə 1994-cü ilin sentyabrından Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsinə başlanıb. Azərbaycan Prezidenti bu ərəfəyə təsadüf edən "Suraxanı" neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Bakının neftçıxarma, qazçıxarma və neft maşınqayırma sənayesi rayonu kimi məşhur olan Suraxanıda neftçilərlə görüşüb.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti deyib: "Biz Azərbaycan neftçilərinin əmək fəaliyyəti, qəhrəmanlığı ilə, ağlı, zəkası, iş təcrübəsi, fədakarlığı ilə həmişə fəxr etmişik və müstəqil Azərbaycanın prezidenti kimi mən də Azərbaycan neftçilərinin həm tarixi, keçmişi, həm də bugünkü fədakar, qəhrəman əməyi ilə fəxr edirəm". 

Tarixi arayış 9 iyul 2008-ci ildə tərtib edilib.

 
Keçidlər