Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əhmədli Qardaşxan Elxan oğlu

Soyad: Əhmədli
Ad: Qardaşxan
Ata adı: Elxan
Doğum tarixi: 12.03.1996
Şəhid olub: 07.11.2020
Rütbə: Əsgər

Qardaşxan Elxan oğlu Əhmədli 12 mart 1996-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olub. 2 bacı ,1 qardaş olmaqla ailədə 5 nəfər olublar. 6 yaşına kimi Osaküçə kəndində yaşayıb və daha sonra ata-anası ilə birgə Bakı şəhərinə köçüblər.

15 sentyabr 2004-cü il ildə Bakı şəhəri şəhid Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2013-cü il may ayının 30-da həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra bir müddət satıcı işləməyə başlayıb. Atası Elxan kişi Rusiyada olduğundan, Qardaşxan həm bacılarına, həm də anasına baxırdı.

Qardaşxan Əhmədli 3 yanvar ,2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Qısa bir müddət orada xidmət edən Qardaşxan daha sonra Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. 2016-cı ilin "Aprel döyüşlərinin" iştirakçısı olub və sözün əsl mənasında göstərdiyi şücaət və qəhrəmanlıqlarla adını tarixə yazıb. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. Ata-anasına kömək etmək məqsədilə fəhlə işləməyə başlayıb. 2019-cu ilin noyabr ayında ailə həyatı qurub.

2020-ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başladığı zaman Qardaşxan həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən çağırılıb və döyüşə yola salınıb. Döyüşə getdiyi zaman atasına "Ata, özünüzə yaxşı baxın, yoldaşım sizə əmanət" -deyib. Qardaşxanın döyüş yolu Füzulidən başlayıb. Daha sonra Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib və yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Qəhrəman Qardaşxan noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiz təpə istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşüb. Bir müddət Qardaşxandan xəbər çıxmayıb. Nəhayət, dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinib və nəşi Bakı şəhərinə gətirilib, səhərisi gün böyük izdihamla Binə qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"da torpağa tapşırılıb. Şəhidimizdən 2 aylıq Nişanə adında qız övladı xalqımıza yadigar qalıb.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Osaküçə kəndində anadan olan Qardaşxan Elxan oğlu Əhmədli ölümündən sonra "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Keçidlər