Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Səfərov Cəsarət Xaliq oğlu

Soyad: Səfərov
Ad: Cəsarət
Ata adı: Xaliq
Doğum tarixi: 27.06.2001
Şəhid olub: 05.11.2020
Rütbə: əsgər

Cəsarət Xaliq oğlu Səfərov 2001-ci il iyunun 27-də Bakının Suraxanı rayonunda anadan olub. Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsarət Səfərov noyabrın 5-də Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Prezidentinin Sərəncamı ilə şəhid Cəsarət Səfərov "Hərbi xidmətlərə görə" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlınn azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

**
Cəsarət məktəbdə oxuduğu zaman digər uşaqlardan ürəyi açıqlığı, mehribanlığı, vətənpərvərliyinə görə həmişə fərqlənib. Məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinə qəbul olub və təhsilini qiyabi davam etdirib. Birinci kursu bitirdikdən sonra 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılıb və Gəncədə hərbi xidmət keçir.

Şəhidin bacısı Həqiqət xanım bildirir ki, tale elə gətirir ki, əmisi oğlu Səfərov Şahmar Nazim oğlu da həmin hərbi hissəyə leytenan olaraq təyin edilir: “Bir il eyni hərbi hissədə xidmət etdikdən sonra 2020-ci ilin may ayında Səfərov Şahmar Nazim oğlu xüsusi təyinatlı dəstəyə keçir və təyinatını Daşkəsənə verirlər. Bir müddət sonra Vətən müharibəsi başlayır və sentyarın 27-si Səfərov Şahmar Nazim oğlu şəhid olur. Müharibənin ilk şəhidlərindən biri olub. Lakin nəşi 53 gün sonra ailəsinə təhvil verildi və üçüncü Fəxri Xiyabanda dəfn edildi”.

Şəhidin bacısı bildirir ki, qardaşının nəşi 43 gün sonra onlara təhvil verilib: “Qardaşım döyüşdə olduğu müddətdə demək olar ki, bizə heç nə demirdi. Deyirdi hər şey yaxşıdır, problem yoxdur. Cəsarət Füzuli, Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində olan döyüşlərdə iştirak edib. Qardaşımla axırıncı dəfə noyabrın 3-ü danışmışdıq. Ondan sonra heç bir əlaqə olmayıb. Dəfnə qədər itkin kimi hesab edilib. Nəşi 43 gün sonra bizə təhvil verildi və İkinci Fəxri Xiyabanda dəfn edildi... Mən yaşca ondan 7 yaş böyüyəm və o, mənim əllərimdən tutub böyüyüb. İlk sözü “bacı” olub ( günlərlə təkrar edib öyrətmişdim). Özümdən də yaxşı tanıyıram onu. Sarı qıvırcıq tellərini, qıyıq gözlərini, eninə olan dırnaqlarını, dırnaqlarının kənarında hər zaman nazik qopan dəriləri, əlinin üstündə kəsiyi, göbəyindəki doğum ləkəsini, səbirsiz hallarını, ağız dolusu “bacı” deməyini, sinəsinə basıb özünə sıxmağını heç vaxt unutmaram. İndi onu bağrıma basdığım yer sızıldayır. Bu sızıltı da deyil başqa bir şeydi. Çox yad bir hisdi və deyəsən bu yad hiss mənimlə sonsuzadək yoldaşdı. O, daha mənə gələ bilməz amma mən ona getmək üçün günlərimi sayacam. Sayacam ki, canımın parasına tez qovuşum və tam olum. Qardaşımla bağlı keçmişdə danışmıram, çünki o mənim sol yanımda yaşıyır və mənimlədi. Bəlkə də yolda gedəndə bir küləkdə üzümə dəyib mənə toxunacaq, bəlkə bir yarpaq olub düşəcək saçlarıma həmişəki kimi başımdan öpüb, iyləmək üçün”.

Keçidlər