Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Süleymanov Tamerlan Xankişi oğlu

Soyad: Süleymanov
Ad: Tamerlan
Ata adı: Xankişi
Doğum tarixi: 03.03.1992
Şəhid olub: 27.09.2020
Rütbə: kiçik gizir

Tamerlan Süleymanov 1992-ci il martın 1-də Lerik rayonunun Tikəband kəndində anadan olub.
13 uşaq olmaqla ailədə 15 nəfər olublar. Evin son beşiyi olan Tamerlan uşaqlıq illəriini doğulduğu Tikəband kəndində keçirir. 1999-cu ildə şəhid Namiq Hacıyev adına Tikəband kənd tam orta məktəbin 1-ci sinfinə daxil olur və 2009-cu ildə həmin məktəbin 11-ci sinfini başa vurur. Tamerlan hələ 9 yaşında olarkən anasını, 16 yaşında olarkən isə atasını itirir. Böyük qardaşı Habilin himayəsinin altında böyüyür. 2010-cu ildə Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Zığ qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə göndərilir. Xidməti dövründə rabitəçi vəzifəsini icra edir.

2011-ci ildə xidmətini başa vurduqdan sonra ehtiyyata buraxılan Tamerlan 2016-cı ildə könüllü olaraq hərbi xidmətə gedir və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətə davam edir. Sonradan nümunəvi xidmətinə görə Tamerlana kiçik gizir rütbəsi verilir.

Azərbaycan Ordusunun kiçik giziri olan Tamerlan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Tamerlan Süleymanov oktyabrın 27-da Füzuli döyüşləri zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
O, "Cəsur döyüşçü" medalına da layiq görülüb.

Keçidlər