02.09.2002
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BİLİK GÜNÜ VƏ YENİ DƏRS İLİNİN BAŞLANMASI MÜNASİBƏTİLƏ BAKININ SURAXANI RAYONUNDAKI 275 NÖMRƏLİ MƏKTƏBDƏ OLMUŞDUR2002-ci il sentyabrın 2-si, yeni dərs ilinin ilk günü Bakının Suraxanı rayonundakı 275 nömrəli orta məktəbin müəllim və şagirdlərinin yaddaşından heç vaxt silinməyəcəkdir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu məktəbdə olmuşdur.
Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə Bakının Yeni Günəşli yaşayış sahəsindəki bayramsayağı bəzədilmiş məktəbin həyətinə yüzlərlə şagird, müəllim, valideyn toplaşmışdı. Onlar əllərində Azərbaycan Prezidentinin portretlərini, respublikamızın dövlət bayraqlarını tutmuşdular.
Mərasimə toplaşanlar Prezident Heydər Əliyevi hərarətli alqışlarla qarşıladılar. Şagirdlər dövlətimizin başçısına gül-çiçək dəstələri təqdim etdilər.
Prezident Heydər Əliyev məktəblə tanış oldu. Məktəbin direktoru Telman Qardaşov dövlətimizin başçısına bu tədris ocağı haqqında məlumat verərək dedi ki, 275 nömrəli məktəb Yeni Günəşlidə tikilən ilk təhsil ocağıdır. Bu il məktəbdə 2450 şagird elmlərin əsaslarına yiyələnəcək, onların təlim-tərbiyəsi ilə 200 müəllim məşğul olacaqdır. Məktəbdə kimya, biologiya, fizika, riyaziyyat təmayül fənləridir və onların tədrisi sayəsində zəngin təcrübə toplanmışdır. İkinci sinifdən başlayaraq məktəbdə ingilis dili tədris olunur. Məktəbdə müasir kompüterlərlə təchiz olunmuş informatika kabinetləri vardır. İnformatika fənnini yüksək ixtisaslı müəllimlər tədris edirlər.
Azərbaycan Prezidenti müəllimə Aygün Əzizovanın informatikadan dərs keçdiyi kabinetdə oldu. Müəllimə dövlətimizin başçısına bildirdi ki, burada kompüterlər vasitəsilə ayrı-ayrı fənlərlə əlaqə yaradılır. Hər kompüterdə müxtəlif fənlər sayt şəklində qoyulmuşdur. Kompüterdə müvafiq testlər də var. Onlar hələlik daha çox rus və ingilis dillərindədir. Azərbaycanın öz resursları azdır. Hər fənn müəllimi kompüter vasitəsilə tədrisin genişləndirilməsinə əlindən gələn köməyi edir.
Prezident Heydər Əliyev sonra məktəbin tarix kabinetində oldu. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin tarix müəllimi Kifayət Məmmədova X sinif üçün “Azərbaycan tarixi” dərsliyinin müəlliflərindən biridir. O, müəllimlər arasında keçirilən müsabiqələrin qalibi olmuşdur, Azərbaycanın qədim tarixini şagirdlərə yüksək peşəkarlıqla öyrədir.
Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV XI siniflər üçün “Azərbaycan tarixi” dərsliyini vərəqləyərək soruşdu: Bu dərsliyi bu il almısınız?
KİFAYƏT MƏMMƏDOVA: Bəli.
HEYDƏR ƏLİYEV: Burada Azərbaycan tarixinin hansı dövrü əhatə olunubdur?
KİFAYƏT MƏMMƏDOVA: 1917-ci ildən 2000-ci ilə qədər olan dövrü.
HEYDƏR ƏLİYEV: Bəs 2000-ci ildən sonrakı dövr?
KİFAYƏT MƏMMƏDOVA: O dövr dərsliyin növbəti nəşrində əlavə ediləcəkdir.
HEYDƏR ƏLİYYEV: Tarix fənni hansı siniflərdən başlayaraq tədris olunur?
MİSİR MƏRDANOV: (təhsil naziri): Məktəblərimizdə Azərbaycan tarixi V sinifdən başlayaraq tədris olunur. VI sinifdən isə ümumi tarix fənni tədris olunmağa başlayır. Bütün kitablar həm Azərbaycan dilində, həm də rus dilində var.
HEYDƏR ƏLİYEV: Bəs 2002-ci ilin dərsliyi nə üçün yoxdur?
FATMA ABDULLAZADƏ (Prezidentin İcra Aparatının şöbə müdiri): İlin sonuna qədər buraxılacaqdır.
Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, bu il burada 9 birinci sinifdə 195 şagird təhsil alacaqdır. Birinci siniflər də daxil olmaqla, bütün ibtidait sinif şagirdləri Azərbaycan Prezidenti Heydər Əliyevin hədiyyəsi olan yeni dərsliklərlə təmin edilmişlər. İndiyədək
ibtidai sinif şagirdləri sinifdənxaric oxu üzrə vəsaitinin olmamasından çətinliklərlə üzləşirdilər. Yeni dərs ilindən bu problem öz həllini tapmışdır. Belə ki, “Ana sözü” adlı vəsait hazırlanmış və şagirdlərin ixtiyarına verilmişdir.
Azərbaycan Prezidenti məktəbin qabaqcıl müəllimi Bahar Əliyevanın dərs dediyi 1 ”a” sinfində də oldu. Dövlətimizin başçısına bildirildi ki, onun sinfinin şagirdləri təlim-tərbiyədə həmişə nümunə olurlar.
Sinifin şagirdləri dövlətimizin başçısını sevinclə, “Heydər baba, məktəbimizə xoş gəlmsiniz!” sözləri ilə qarşıladılar.
HEYDƏR ƏLİYEV: Sağ olun, əyləşin. Siz birinci sinifə gəlmisiniz?
UŞAQLAR: Bəli.
HEYDƏR ƏLİYEV: Oxumaq istəyirsinizmi?
UŞAQLAR: Bəli.
HEYDƏR ƏLİYEV:Yaxşı oxuyacaqsınızmı?
UŞAQLAR: Bəli.
HEYDƏR ƏLİYEV: Bunların nə gözəl səsləri var. Neçə yaşınız var?
UŞAQLAR: Altı, yeddi...
HEYDƏR ƏLİYEV: Altı, yeddi. Kimin altı yaşı var, əlini qaldırsın.Kimin yeddi yaşı var? Bəs sənin neçə yaşın var? Adın nədir?
UŞAQ: Mənim beş yaşım var. Adım Turaldır.
HEYDƏR ƏLİYEV: Yaxşı oxuyacaqsanmı?
TURAL:Bəli.
HEYDƏR ƏLİYEV: Bu hərfləri bilirsənmi?
TURAL: Bəli.
HEYDƏR ƏLİYEV: Uşaqlar, yaxşı oxumağa söz verirsinizmi?
UŞAQLAR: Bəli.
HEYDƏR ƏLİYEV: Nadinclik etməyəcəksiniz ki?
UŞAQLAR: Xeyir, yox.
HEYDƏR ƏLİYEV: Müəllimin sözünə qulaq asacaqsınızmı?
UŞAQLAR: Bəli.
HEYDƏR ƏLİYEV: Yaxşı, çox sağ olun. Mən sizin hamınıza uğurlar arzulayıram.
UŞAQLAR: Çox sağ olun, Heydər baba.
Sonra Azərbaycan Prezidenti məktəbin 1 “b” sinifində oldu. Dövlətimizin başçısına bildirildi ki, valideynlərin çoxu uşaqlarının Brilyant Əmirovanın dərs dediyi bu sinfə qəbul edilməsini istəyirlər.
Prezident Heydər Əliyev məktəbin Azərbaycan dili və ədəbiyyatı, biologiya kabinetlərində şagirdlərlə görüşdü, onları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, sonra isə rus bölməsinin Svetlana Zeynalovanın dərs dediyi 1-ci sinfində də oldu. Prezident HEYDƏR ƏLİYEV ön cərgədə oturan uşaqların birindən soruşdu: Adın nədir?
-Kazım Abdullayev.
HEYDƏR ƏLİYEV: Niyə səni rus bölməsinə qoyublar?
KAZIM ABDULLAYEV: Ona görə ki, hər iki dili yaxşı öyrənim.
Prezident HEYDƏR ƏLİYEV həmin sinifdəki Dianadan soruşdu: Sənin atanın adı nədir?
DİANA: Oleqdir.
HEYDƏR ƏLİYEV: Bəs, ananın adı nədir?
DİANA: Lianadır.
HEYDƏR ƏLİYEV: Atan nə işləyir?
DİANA: Atam fəhlədir.
HEYDƏR ƏLİYEV: Anan harada işləyir?
DİANA: Anam kafedə işləyir.
HEYDƏR ƏLİYEV: Azərbaycan dilini bilirsənmi?
DİANA: Bəli.
Dövlətimizin başçısına bildirildi ki, burada azərbaycanlılarla yanaşı, rus, yəhudi və başqa millətlərdən olan uşaqlar təhsil alırlar.
X X X
Sonra yeni dərs ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim oldu. Mərasimi məktəbin direktoru Telman Qardaşov açdı.
275 NÖMRƏLİ MƏKTƏBİN DİREKTORU
TELMAN QARDAŞOVUN ÇIXIŞI
- Möhtərəm Prezident!
Sizi Suraxanı rayonu 275 nömrəli məktəbin bütün kollektivi adından ürəkdən salamlayır və məktəbimizə “Xoş gəlmisiniz!” deyirik.
Sizin gəlişiniz nəinki məktəbimizin, həm də rayonumuzun bütün müəllim və şagirdlərinin, eləcə də bütün suraxanılıların böyük sevincinə səbəb olmuşdur.
Azərbaycana rəhbərlik etdiyiniz bütün dövrlərdə məktəb və təhsil Sizin fəaliyyətinizdə öncül sahə olmuş, milli müstəqillik əldə etdiyimiz indiki dövrdə təhsilə diqqət və qayğınız daha da artmışdır. Sizin “Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır” müdrik kəlamınız bu gün xüsusi aktuallıq kəsb edir. 15 iyun 1999-cu il tarixli sərəncamınızla təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramını, ölkəmizdə təhsilin inkişafı ilə bağlı digər Fərman və Sərancamlarınızı biz təhsil işçiləri öz gündəlik fəaliyyətimizdə həmişə rəhbər tuturuq.
Möhtərəm Prezident!
Sizə hesabat verərək bildirirəm ki, məktəbimiz Yeni Günənşlidə tikilən ilk təhsil ocağıdır. 1986-cı ildən fəaliyyət göstərən məkktəbdə hazırda 2450 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 200 müəllim məşğul olur. Məktəbin pedaqoji kollektivinin ümdə işi təhsilin inkişafı sahəsində qarşımıza qoyduğunuz vəzifələrin layiqincə yerinə yetirilməsidir.
1993-cü ildən etibarən məktəbimizdə təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Təsadüfi deyildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi məlumatına görə, son 7 il ərzində məktəbin məzunlarının bütün fənlər üzrə göstəriciləri rayonda ən yüksək olmuş, hər il məzunlarımızın 75 faizindən çoxu, 2002-ci ildə isə X1 sinfi bitirmiş 17 şagirddən 15-i respublikamızın müxtəlif alı məktəblərinə qəbul olunmuşdur. Bu nəticələrin əldə edilməsinin əsas səbəbi məhz Sizin rəhbərliyinizlə respublikamızda yaradılan ictimai-siyasi sabitlik və təhsilə göstərdiyiniz böyük qayğı olmuşdur.
Respublikamızda təhsil sahəsində aparılan islahatların mühüm tələblərindən biri də şagirdlərə yüksək, keyfiyyətli biliklərin aşılanması, dünya təcrübəsində tətbiq olunan müasir qiymətləndirmə və keyfiyyətə nəzarət mexanizmlərinin yaradılmasıdır. Bu baxımdan Bakı şəhərinin 7 məktəbi, o cümlədən 275 nömrəli məktəb fəaliyyətin qiymətləndirilməsi mexanizminin hazırlanması və tətbiqi üzrə eksperimental baza-tədris müəssisəsi kimi müəyyənləşdirilmişdir.
Pedaqoji kollektivimiz təhsil islahatlarının uğurla həyata keçirilməsində fəal iştirak edir. Bu məqsədlə məktəbimiz eksperimental təhsil müəssisəsi kimi seçilmişdir. Məktəbdə yeni tədris proqramları sınaqdan keçirilmiş, respublikamızda tətbiq olunmağa başlamışdır. Məktəbimizin müəllim və şagirdləri beynəlxalq təşkilatların keçirdikləri müxtəlif pedaqoji tədbir və müsabiqələrdə fəal iştirak edirlər. Son illərdə 40-dan çox müəllim respublika, şəhər müsabiqələrinin qalibi olmuş, 60-a yaxın müəllim isə yeni təlim texnologiyalarına həsr olunmuş beynəlxalq treninqlərdə iştirak etmişdir.
Sevindirici haldır ki, məktəbimizin tarix müəllimi Kifayət Məmmədova X sinif üçün “Azərbaycan tarixi” dərsliyinin müəlliflərindən biridir.
Təhsil sahəsində dünya təcrübəsini öyrənmək məqsədi ilə məktəbimizin müəllimləri bir neçə xarici ölkədə keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər. Şagirdlərimiz beynəlxalq kompüter şəbəkəsi layihəsində uğurla iştirak etmiş, nəticədə məktəbimiz daimi İNTERNET xidməti ilə təmin olunmuşdur.
Möhtərəm Prezident! Sizi əmin etmək istəyirəm ki, məktəbimizə gəlişiniz kollektivimizi, Suraxanı rayonunun bütün təhsil işçilərini yeni-yeni nailiyyətlər əldə etməyə ruhlandırır. Bizə göstərdiyiniz böyük etimadı əməli işimizlə sübut edəcək, gənc nəslin təlim-tərbiyəsi sahəsində qarşımıza qoyduğunuz vəzifələri layiqincə yerinə yetirəcəyik.
Məktəbimizə gəldiyinizə görə Sizə bir daha dərin təşəkkürümüzü bildirir, bütün kollektivin adından deyirik: “Azərbaycan təhsilinin böyük hamisi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevə eşq olsun!”
MƏKTƏBİN İNFORMASIYA MÜƏLLİMİ SƏMA HÜSEYNLİNİN ÇIXIŞI
-Möhtərəm Prezident!
Yalnız Sizin müstəsna xidmətləriniz nəticəsində Azərbaycan Respublikası dünya miqyasında həm siyasəti, iqtisadiyyatı, həm də elmi və mədəniyyəti ilə tanınmağa başlamış, özünə layiq yer tutmuşdur. Hədsiz qayğınızın nəticəsidir ki, bu yüksəliş ölkəmizin təhsilinə də sirayət etmiş, bu sahədə son illər xeyli uğurlu nəticələr əldə olunmuş, islahatlar geniş vüsət almışdır. Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən nüfuzlu təhsil ocaqlarından gəlir, şagirdlərimiz mötəbər dünya olimpiadalarında ölkəmizin şərəfini uca tutur, yüksək mükafatlar əldə edirlər.
Möhtərəm Prezident!
Məhz Sizin diqqətinizin nəticəsidir ki, məktəbimiz yüksək səviyyədə təmir edilmiş, dərs vəsaitləri ilə, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş, müəllimlərin keyfiyyətli fəaliyyəti üçün hər bir şərait yaradılmışdır. Sizin göstərişinizlə bütün məktəblilər yeni dərs ilini latın qrafikalı Azərbaycan əlifbası ilə müasir tələblər səviyyəsində hazılrlanmış və çap edilmiş yeni dərsliklərlə başlamışdır.
Möhtərəm Prezident!
Bu gün məktəbimizə gəlişiniz də gənc nəslin təlim-tərbiyəsinə göstərdiyiniz böyük diqqətdən irəli gəlir. Hər yeni dərs ili başlayarkən məktəblərdə olmağınız, pedaqoji kollektivlə, şagirdlərlə görüşməyiniz, dəyərli tövsiyələriniz, müəllimlərin əməyinə verdiyiniz yüksək qiymət bizi həmişə ruhlandırır, daha böyük əzmlə çalışmağa sövq edir. Hər il şagirdlərlə görüşləriniz tarixi bir hadisə kimi yadda qalır, onların həyatında dərin izlər buraxır, bir çox şagirdlərin öz həyat yollarını müəyyənləşdirməsinə zəmin yaradır. Sizin şərəfli həyatınız, fəaliyyətiniz, doğma vətənə, xalqa, torpağa bağlılığınız hər bir şagird üçün nümunəyə çevrilir, onlarda vətənpərvərlik, vətəndaşlıq, azərbaycançılıq hisslərinin güclənməsinə səbəb olur. Azərbaycan təhsilıinə verdiyiniz qiymətə görə biz müəllimlər Sizə dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm Prezident!
Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş abituriyentlərlə görüşdə siz bütün müəllimlərin qarşısında çox mühüm vəzifələr qoydunuz. Təhsilin keyfiyyətinin yüksəldilməsi, hər bir məktəbin nəticələrinin təhlil edilməsi, yol verilmiş nöqsanların aşkar olunması kimi xüsusi əhəmiyyət kəsb edən tapşırıqlarınız biz müəllimlərin məsuliyyətini xeyli artıracaq, əsas fəaliyyət istiqamətinə çevriləcək və bütün işimiz bu vəzifələrin icrasına yönələcəkdir. Fərəhləndirici haldır ki, sizin Sərəncamınızla Prezident təqaüdünə layiq görülmüş məzunlardan biri də rayonumuzun yetirməsidir.
Həmin görüş zamanı çadır şəhərciyindəki orta məktəbin məzununa göstərdiyiniz nəvaziş və qayğını sanki öz ünvanıma qəbul etdiyimdən, məni son dərəcə mütəəssir etdi, çünki özüm də Cəbrayıl rayonundanam və 1997-ci ildən bu məktəbdə müəllim işləyirəm. Həmin səhnəni müşahidə edərkən fikirləşdim ki, əsl müəllimdə məhz belə humanizm keyfiyyəti olmalıdır.
Möhtərəm Prezident!
Sizi əmin etmək istərdim ki, işlədiyim 275 nömrəli məktəbdə hər bir şagirdin biliklərə yüksək səviyyədə yiyələnməsi, müstəqil Azərbaycanımızın layiqli vətəndaşları kimi yetişdirilməsi naminə biz müəllimlər öz qüvvə və bacarığımızı əsirgəməyəcəyik.
Möhtərəm Prezident!
Yeni dərs ilini bizimlə birlikdə qarşıladığınıza, təhsilə, təhsil işçilərinə diqqət və qayğınızı əsirgəmədiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Əminik ki, Azərbaycan təhsili Sizin rəhbərliyinizlə daim inkişaf edəcək, təhsil ocaqlarında banisi olduğunuz müstəqil Azərbaycanın tərəqqisini təmin edəcək layiqli vətəndaşlar yetişdiriləcəkdir.
Möhtərəm Prezident!
Söz veririk Ki, biz müəllimlər Azərbaycan təhsilinin böyük himayədarı kimi ,Sizin etimadınızı şərəflə doğruldacaq, xalqımızı yeni-yeni nailiyyətlərlə sevindirəcəyik.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevə eşq olsun!
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin birinci səhifəsində dərc olunur).
Mərasimdə Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər iştirak edirdilər.