Vətən müharibəsinin şəhidi İsmayılzadə Məhəmməd Fizuli oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib
09 iyun 2022 | 13:57
İyunun 9-da Vətən müharibəsinin şəhidi İsmayılzadə Məhəmməd Fizuli oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Şəhidimizin məzun olduğu 317 №-li tam orta məktəbdə təşkil olunan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair, publisist Güllü Eldar Tomarlı, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov Şəhidin ailə üzvləri, Şəhid anaları iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsi və Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə məktəbin şagirdlərinin təqdimatında Şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə həsr olunmuş bədii hissə nümayiş olunmuşdur.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan nur üzlü Şəhidimizə Allahdan rəhmət diləmiş və təsəllimizin şəhidlərimizin qisasının alınması, parlaq qələbə ilə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair, publisist Güllü Eldar Tomarlı, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov və 318 №-li tam orta məktəbin direktoru Əliqismət Səfərov çıxışlarında cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların ölməzliyini və əbədiliyini bir daha qeyd etmişlər.
Tədbirdən sonra iştirakçılar tərəfindən Məhəmməd İsmayılzadənin xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunmuş bulaq-abidə kompleksi və Dədə Qorqud Qəbiristanlığındakı Şəhidlər xiyabanındakı məzarı ziyarət olunmuş, eləcə də açılmış ehsan süfrəsində Şəhidimizin ruhuna dualar edilmişdir.