Vətən Müharibəsində Şəhid olan qəhrəman oğullarımızdan biri İsmayılov Elçin Mübariz oğlunun anım günü keçirildi
09 oktyabr 2022 | 14:43
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun bizlərə Zəfər sevincini yaşatdığı 44 günlük Vətən Müharibəsində Şəhid olan qəhrəman oğullarımızdan biri İsmayılov Elçin Mübariz oğlunun anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri onun ailəsini ziyarət ediblər.
RİH başçısı Əziz Əzizov Şəhidimizin ailəsinə başsağlığı verərək, onlara səbr diləyib, həmçinin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Elçinlə bərabər, ondan ilhamlanaraq, Silahlı Qüvvələrin sıralarında xidmət edən qardaşları Nurlan və Elvin də Vətən müharibəsində ön cəbhədə döyüşüblər.
Şəhidimiz Elçin İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl, və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.