Vətən müharibəsi şəhidləri Əhməd Kərimovun və Mehdi Fərzullazadənin anım günlərində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi açılıb
07 noyabr 2022 | 11:54
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak edib.
İlk öncə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən bəhs edib, ölkəmizdə, o cümlədən Suraxanıda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini vurğulayıb.
O, qeyd edib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə örnəkdir. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Vətən şəhidlərinin xatirəsi heç vaxt unudulmayacaq, daim qürur hissi ilə anılacaq.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri çıxış edərək göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.