Vətən müharibəsi şəhidi Sərdar İsmayılovun anım günü qeyd olunub
05 oktyabr 2022 | 16:49
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid İsmayılov Sərdar Sərvər oğlunun anım günü qeyd olunub.
Anım günündə şəhidin Yeni Suraxanı qəsəbəsində məzarı və adına inşa edilmiş bulaq-abidə kompleksi ziyarət edilib, üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.
Şəhidin xatirəsinə açılmış idman zalında baş tutan anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, şöbə müdirləri, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova çıxış edərək, Sərdar İsmayılovun ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür edib və onlara səbr diləyib. O, çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, haqq-ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildirib. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığı vurğulayıb.
Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Sərdarın və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsinin qədirbilən xalqımız tərəfindən unudulmayacağını söylən K.Axundova şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlərdən bəhs edib, Suraxanı rayonunda da hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndirilib, ehsan süfrəsi açılıb.