“Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyi ilə bağlı” mövzusunda maarifləndirici tədbir keçirilib
02 may 2025 | 17:00
Mayın 2-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyi ilə bağlı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşları, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Mənzil-Kommunal İstismar sahələrinin rəisləri və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini iştirak edib.
RİHB-nin müavini Fuad Cəbrayılov tədbiri açıq elan edərək rayonun sanitar təmizliyi ilə bağlı məlumat verib və bildirib ki, Suraxanı rayonu daxil olmaqla Bakı şəhərində tullantıların toplanması və daşınması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. O, həmçinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iriqabaritli tullantıların daşınması və zərərsizləşdirilməsi üçün mütəmadi tədbirlər görüldüyünü və bu istiqamətdə işlərin daim nəzarətdə saxlanıldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
F.Cəbrayılov şəhərin mərkəzi rayonlarından və digər yerlərdən müxtəlif təyinatlı tullantıların, əsasən də söküntü materiallarının sutkanın qaranlıq vaxtlarında maşınlarla daşınaraq rayon ərazisinə töküldüyünü, nəticədə iri zibillik sahələrinin yarandığını da qeyd edib.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Təbii Sərvətlər İdarəsinin məsləhətçisi Əminə Alməmmədova son illər ərzində təhlükəsiz tullantıların idarə olunması sahəsində Rayon İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyət göstərərək müsbət nəticələr əldə olunduğunu, qanun pozanlara qarşı cərimələrin tətbiq edildiyini diqqətə çatdırıb. O, eyni zamanda maarifləndirici tədbirlərin mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıb.
Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov da çıxış edərək məişət, eləcə də, iriqabaritli tullantıların vaxtlı-vaxtında daşındığı, 2023-cü ildən Suraxanı rayonunda tullantıların çeşidlənməsinə başlanıldığını, bu məqsədlə 700-dək tullantı meydançasının tikildiyini və həmin meydançalara 3000-dən çox konteyner yerləşdirildiyini bildirib.
Tədbirdə bu sahədə mövcud olan problemlər və onların həlli yolları ilə bağlı geniş müzakirələr aparılıb.
Tədbir sonrası iştirakçılar Suraxanı rayonunda təşkil olunan ağacəkmə aksiyasına qatılıblar.