Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Zərifə Əliyevanın xatirəsi anıldı

25 aprel 2024 | 11:37

Aprelin 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə göz müayinəsi aksiyası və “İki Ali Dəyəri Birləşdirən Müdrik Qadın” adlı tədbir keçirilib.

    Təşkil edilmiş göz müayinəsi aksiyasında 100-dən artıq sakin 1 №-li Birləşmiş Uşaq Xəstəxanasının, 23 və 24 saylı Şəhər Poliklinikalarının oftalmoloqları tərəfində müayinə olunublar.

    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, RİHB-nin müavinləri, şəhid ailələri, rayonun səhiyyə və təhsil müəsissələrinin nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları ilk öncə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

    Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən  videoçarx nümayiş olunub.

   Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, akademik, görkəmli  oftolmoloq-alim Zərifə xanım Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. O, qeyd edib ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək üçün səbəb olub. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.

   Həmçinin, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, akademik Zərifə xanım Əliyeva milli oftalmologiyamızın banilərindəndir. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan Zərifə xanım Əliyeva xalq üçün, vətən üçün əlindən gələni əsirgəməyərək öz mənalı ömrünü Ulu Öndərə və övladlarına həsr edib. Zərifə xanımın fitri istedada malik bir alim kimi yaşadığı ömrü, keçdiyi həyat yolu hər bir Azərbaycan vətandaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

    Milli Məclisin deputatı Etibar Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur və 43 saylı Şəhər Poliklinikasının oftalmoloqu Dürdanə Kəngərli çıxış edərək bildiriblər ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərib. Eyni zamanda, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.

   Tədbir Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin “Dan Ulduzu” instrumental ansamblının, Şiraz qrupunun üzvləri Elmar Əmiraslanov və İsa Müseyibovun, əməkdar artist Elçin Nağıyevin, xalq artistiləri Gülyaz və Gülyanaq Məmmədovaların təqdimatında bədii hissə ilə davam edib.

 

Keçidlər