Suraxanıda “Zəfər Bayrağı altında yeni-yeni zəfərlərə doğru” adlı tədbir keçirilib
08 noyabr 2024 | 16:35
Noyabrın 8-də Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr – Zəfər günü münasibətilə “Zəfər Bayrağı altında yeni-yeni zəfərlərə doğru” adlı ədəbi-bədii tədbir keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, şəhidlərimizin ailə üzvləri və qaziləmiz, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və əməkdaşlar, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən ilk öncə Əmircan qəsəbəsi, Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Ümummilli lider, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Zəfər Günü münasibətilə şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını təbrik edib və Zəfər bayrağımızın heç zaman enməyəcəyini, bu bayrağın daim tarixi torpaqlarımızda əzəmətlə dalğalanacağını qürur və əminliklə vurğulayıb.
O, bildirib ki, bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən başladığı inkişaf yolunun təqdimatıdır. Bu yol Azərbaycan xalqının torpaq həsrətinə son qoydu. Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar.
RİH başçısı Adil Əliyev qeyd edib ki, 8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şəhidlərimizin qanı və canı bahasına əldə etdiyimiz Şanlı Zəfər əsl vətənpərvərlik, fədakarlıq nümunəsi və qürur mənbəyimizdir. Bu zəfər bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq, Şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu isə qəlbimizdə hər zaman əbədi yaşayacaq.
Tədbir Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin rəhbərliyi ilə bədii hissə ilə davam edib.