Suraxanıda xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 114 illiyi qeyd edilib
15 dekabr 2023 | 10:35
Suraxanıda xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 114 illiyi qeyd edilib
Dekabrın 15-də Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin anadan olmasının 114-cü ildönümü Suraxanı rayonunda qeyd edilib.
İlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, rayon ictimayyətinin nümayəndələri Səttar Bəhlulzadənin Əmircan qəsəbəsində məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar, eləcə də ölməz xalq rəssamının ev muzeyinə baxış keçirilib.
Daha sonra Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub.
Tədbirdə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda həlak olan şəhidlərimizin və xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əmircan qəsəbə Ağsaqqallar şurasının sədr müavini, rəssam Fərhad Muradov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalq rəssamı Qəyyur Yunus, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Əmircan qəsəbə sakini, qrosmeyster Fikrət Südeyifzadə və Səttar Bəhlulzadənin ev muzeyinin direktoru və onun qohumu Pərzad Abdinova çıxış edərək dünya boyakarlığında Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu, ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini diqqətə çatdırıblar.
Bildirilib ki, xalq tərəfindən hər zaman xatırlanan dahi rəssamın fırçasının məhsulu olan əsərləri bir çox ölkələrdə sərgilənib.
Qeyd olunub ki, boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, yurdumuzun təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm edib. S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı, qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda Leyli və Məcnunun müxtəlif obrazlarını yaradıb.