Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 113 illiyi qeyd edilib

15 dekabr 2022 | 12:32
Dekabrın 15-də Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin anadan olmasının 113-cü ildönümü Suraxanı rayonunda qeyd edilib.
İlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, Ağsaqqallar Şurası, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, rayon ictimayyətinin nümayəndələri Səttar Bəhlulzadənin Əmircan qəsəbəsində məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.
Sonra Əmircan qəsəbəsindəki parkda ölməz rəssamın əziz xatirəsinə RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyevin təşəbbüsü ilə quraşdırılmış malbertin təqdimatı keçirilib. Qeyd edək ki, bu malbert gənc rəssamların təbiət qoynunda sənət əsərlərinin ərsəyə gətirməsi üçün stimul olacaq.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dünya boyakarlığında Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu, ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini diqqətə çatdırıb. O, bildirib ki, xalq tərəfindən hər zaman xatırlanan dahi rəssamın fırçasının məhsulu olan əsərləri bir çox ölkələrdə sərgilənib.
Tədbir Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadənin ev muzeyində təşkil olunmuş fotosərgi ilə davam etdirilib. Sərgidə rəssamın fotoları nümayiş olunub, onun həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, yurdumuzun təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm edib. S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı, qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda Leyli və Məcnunun müxtəlif obrazlarını yaradıb.
Keçidlər