Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda xalq Artisti Mənsum İbrahimovla görüş keçirilib

24 yanvar 2024 | 10:02
Suraxanıda xalq Artisti Mənsum İbrahimovla görüş keçirilib
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Əmircan qəsəbə Mədəniyyət evində tanınmış xanəndə, xalq Artisti, “Şöhrət”, “Şərəf” ordenli, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovla görüş təşkil olunub.
 Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
 İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Tanınmış xanəndənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Mənsum İbrahimov gözəl xanəndə olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. O, təkcə Məcnunu yox, “Aşıq Qərib”də Qərib və “Gəlin qayası”nda Camal rollarını da yüksək səviyyədə ifa edib.
 Mənsum İbrahimov çıxışında yaratdığı ölməz obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib, muğamlarımızdan, xalq mahnı və təsniflərimizdən danışıb və ona ünvanlanan sualları cavablandırıb.
 Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildiriblər ki, Azərbaycan musiqisini, muğamını yaşadaraq bütün dünyaya tanıdan sənətkarlarımız hər zaman xalqımız tərəfindən seviləcək. Bu gün belə sənətkarlarımıza Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət milli-mənəvi xəzinəmiz olan muğam sənətinə olan qayğının bariz nümunəsidir.
 Sonda Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu “Zəfər nəğməsi” ilə çıxış edib. Xanəndə Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) müşayiət ediblər.
Keçidlər