Suraxanıda xalq artisti Gülyanaq Məmmədova ilə görüş keçirilib
11 mart 2023 | 09:36
Martın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində xalq artisti, yüksək dərəcəli vokalist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Gülyanaq Məmmədova ilə görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Sevilən xalq artistinin həyat və fəaliyyəti haqqında məlumat verilib, video-çarx nümayiş olunub. Görüş zamanı xalq artisti Gülyanaq Məmmədovanın oxuduğu xalq mahnıları, əsrarəngiz ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Rəngarəng musiqi nömrələri ilə davam edən görüşdə xalq artisti muğam və vokal sənətinin incəliklərindən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb. Gülyanaq Məmmədova gənclərlə ünsiyyətdən məmnun olduğunu qeyd edib.
Ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlətimiz tərəfindən mədəniyyətimizin tərəqqisinə böyük diqqət göstərildiyini qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb. RİH başçısı bildirib ki, bu gün ölkəmizdə mədəni həyatın inkişaf etdirilməsi istiqamətində davamlı layihələrin həyata keçirilməsi, rayon və şəhərlərdə mədəniyyət evlərinin, kitabxanaların müasir standartlara uyğun inşası, əsaslı təmir və bərpa edilməsi dövlətimiz tərəfindən mədəniyyətimizə verilən dəyərin ən böyük ifadəsidir.
Gülyanaq Məmmədova da öz növbəsində tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib. Görüşün sonunda xatirə şəkilləri çəkilib.