Suraxanıda Vətən müharibəsi şəhidi Ruhid Uğur oğlu İslamlının anım günü qeyd olunub
07 oktyabr 2022 | 15:46
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı", "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Ruhid Uğur oğlu İslamlının anım günü qeyd olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Ruhid İslamovun məzarına gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Sonra ehsan süfrəsi açılıb.
Mərasimdə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən bəhs edib, ölkəmizdə, o cümlədən Suraxanıda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini vurğulayıb. Həmçinin, oktyabrın 5-də Ağdamda Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdikləri 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumundan danışaraq bildirmişdir ki, bu forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.
Şəhidin ailə üzvləri göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində 315 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik şeirləri səsləndirilib.