Suraxanıda “Uşaq hüquqlarının qorunması – erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib
19 fevral 2025 | 12:00
Fevralın 19-da Yeni Suraxanı qəsəbəsi, 101 saylı tam orta məktəbdə baş tutan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xəyalə Əzizova qonaqları salamlayaraq bildirib ki, təəssüflər olsun ki, günümüzün aktual problemlərindən biri olan erkən nikahlar həyata keçirilən tədbirlərə baxmayaraq, digər ölkələrdə olduğu kimi Azərbaycanda da hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. O, bildirib ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin şöbə müdiri Aqil Əlisoy və əməkdaşı Günel Zahidova, Yeni Suraxanı qəsəbəsi “Heydər” məscidinin qadın dini ayin icraçısı Aynurə Rzayeva çıxışlarında qeyd ediblər ki, ölkəmizdə müvafiq dövlət orqanları öz səlahiyyətləri daxilində xüsusi həssaslıqla uşaqların hüquq və mənafelərinin müdafiəsi üçün lazimi tədbirlər görür. Bildirilib ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Əvvəllər üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Hazırda Azərbaycanda yetkinlik yaşına çatmayanların erkən evliliyi və qan qohumla¬rının nikahları ilə bağlı mövcud olan problemlərin qarşısının alınması məqsə-dilə “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il iyulun 1-dən nikah yaşının azaldılması və yaxın və bioloji qohumluğu olanların nikaha daxil olması qanuna ziddir.
Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.