Suraxanıda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Rənglər festivalı” təşkil edilib
02 may 2025 | 17:30
Mayın 2-də Suraxanı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyinin birgə təşkilatçılığı ilə Əmircan qəsəbəsi, Atəşgah Məbədi Dövlət-Tarix Memarlıq Qoruğunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Rənglər Festivalı" təşkil edilib.
Festivalda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Fatma Yıldırım, Ceyhun Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və digər qonaqlar iştirak ediblər.
Festivalda fiziki imkanları məhdud şəxslər tərəfindən suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. müxtəlif əl işlərindən ibarət satış sərgisi təşkil edlib, eləcə də musiqili proqram nümayiş olunub.
Festivalda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, bu gün ölkəmizdə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Belə sərgilərin keçirilməsində də məqsəd onların qabiliyyətini, bacarığını üzə çıxarmaqla əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərməkdir.
Həmçinin, Milli Məclisin deputatları Afət Həsənova, Fatma Yıldırım, Ceyhun Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxışlarında fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün belə sərgilərin təşkilinin təqdirəlayiq olduğunu diqqətə çatdırıblar.