Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhid Muxtar Qasımlının anım günü qeyd olunub

03 oktyabr 2022 | 10:52
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülən şəhid Muxtar Qasımlının anım günü qeyd olunub.
Anım günündə şəhidin uyuduğu məzar ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Həmçinin, şəhidin adını daşıyan idman zalının açılış mərasimi keçirilərək istifadəyə verilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin sədr müavini Adil Əliyev, deputat Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, RİHB-nin müavinləri və şöbə müdirləri, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. Qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
Ə.Əzizov, həmçinin dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Muxtar Qasımlının valideynlərinə təsəlli verib, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür edib.
Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək Muxtar Qasımlı ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Mərasimdə çıxış edən digər qonaqlar şəhidlərin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndirilib.
Sonra ehsan süfrəsi açılıb.
Keçidlər