Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhid baş leytenant Muxtar Qasımlının 30-cu doğum günü qeyd edildi

23 fevral 2023 | 09:53
Düşmən üzərində zəfər qazandığımız Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarına və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülən şəhid baş leytenant Muxtar Qasımlının 30-cu doğum günü qeyd edilib.
Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər iştirak ediblər. İştirakçılar əvvəlcə şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.
RİH başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gələrək 30 illik vətən həsrətinə son qoyuldu. Şəhidlərimiz, qazilərimiz və ümumilikdə ordumuzun, xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürüldü. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Əziz Əzizov Suraxanı rayonunda da bu qayğının davam etdirildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da çıxışlarında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirib, Vətən müharibəsinin Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdiyini, xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini diqqətə çatdırıblar.
Şəhid Muxtar Qasımlının valideynləri dövlət tərəfindən bütün şəhid ailələri kimi onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, göstərilən hər cür dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildiriblər.
Daha sonra tədbir iştirakçıları şəhid baş leytenant Qasımlı Muxtar Əli oğlunun böyüyüb boya-başa çatdığı Qaraçuxur qəsəbəsində ailə üzvlərinin yaşadığı evdə açılmış ehsan süfrəsində iştirak ediblər.
Keçidlər