Suraxanıda "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirilib
21 fevral 2023 | 14:08
Tədbirdə RİH başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, YAP Suraxanı Rayon Təşkilatının müavini və nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, rayonun idarə rəhbərləri, gənclər iştirak ediblər.
Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib.
Sənədli filmin nümayişindən sonra çıxış edən Ə.Əzizov dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Muxtar Qasımlının valideynlərinə təsəlli verib, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür edib. Vətən müharibəsi şəhidi Muxtar Qasımlının təkcə Suraxanı deyil, bütün Azərbaycan gəncliyinə nümunə olduğunu vurğulayan RİH başçısı Ə.Əzizov tarixə 44 günlük müharibə kimi yazılmış Vətən müharibəsindən, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan, qəhrəman hərbçilərimizin keçdiyi şərəfli Zəfər yolundan, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsindən, qazanılan şanlı Qələbədən danışıb. Həmçinin, müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına başlanılmasını qeyd edən RİH başçısı Ermənistanın 30 il müddətində talayaraq, dağıdaraq yer üzündən sildiyi ərazilərdə yenidən həyatın canlandığını vurğulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, Vətən torpaqlarının azadlığı uğrunda nəticələnən bu savaşda xalqımız milli həmrəylik, ordumuz rəşadət nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyəti, xalq və ordunun sarsılmaz birliyi, əsgər və zabitlərimizin Vətən sevgisi sayəsində xalqımızın illərdir yaşadığı yurd həsrətinə son qoyuldu.
Mərasimdə şəhidin valideynləri Əli Qasımov və Almaz Qasımova övlad itkisinin çox ağır olduğunu, lakin Muxtarla qürur duyduqlarını deyiblər. Muxtarın 27 illik ömrünə həm idmanda nailiyyətlər, həm də şəhidlik kimi əlçatmaz zirvəni sığışdırdığını bildirən şəhidin valideynləri onun şərəfli həyat yolunun gənclərə örnək olduğunu qeyd ediblər. Övladlarının xatirəsinə çəkilən filmdə əziyyəti keçən hər kəsə minnətdarlıq bildirən valideynlər Vətənə layiqli övlad yetişdirilməsi üçün qəhrəmanların tanıdılmasının vacibliyini vurğulayıblar.
Xatırladaq ki, Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.