Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda növbəti səyyar qəbul Zığ qəsəbəsində keçirilib

20 oktyabr 2022 | 15:40
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbulu Zığ qəsəbəsində Q.Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbdə təşkil olunub. Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin və Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakından danışan RİH başçısı bildirib ki, bu hava limanı regionun gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.
Səyyar qəbulda sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Sualları ətraflı cavablandıran RİH başçı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb. Həmçinin, irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Keçidlər