Suraxanıda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
11 fevral 2023 | 10:18
Suraxanıda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
Fevralın 10-da Suraxanı rayonu 226 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, RİHBA-nın və Rayon Polis İdarəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
İlk öncə Dövlət Himni səslənirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Arzu Məmmədova qonaqları salamlayaraq bildirib ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O, şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs edərək ətraflı məlumat verib.
Görüşdə RİH başçısının müavini Könül Axundova müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin zəruriliyindən danışıb.
Daha sonra Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev və digər qonaqlar çıxış edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, narkotik vasitələrin fəsadları barədə məktəblilərə geniş məlumat veriblər. Çıxışlarda narkomaniyanın qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Suraxanı rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının atdığı barışmaz və qətiyyətli addımlardan söz açılıb.