Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edildi

08 may 2024 | 15:46
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar mayın 8-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təqdim etdiyi “Ulu Öndərin Mənəvi Dünyası” adlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, Musa Quliyev, YAP Veteran Şurasının üzvü, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, RİHB-nin müavinləri, şəhid ailələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Daha sonra Suraxanı rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsindən danışaraq bildirib ki, dahi şəxsiyyətin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu. Həmin qətiyyətin, siyasi iradənin dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirildiyini və Vətən müharibəsində 30 ilin işğalına son qoymağın böyük şücaətin, qəhrəmanlığın, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsi olduğunu bir daha vurğuladı.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğunu bildirərək onun dövlətçilik səlnaməsində yaratdığı irsin öyrənilməsi üçün hələ uzun illər zamana ehtiyac olduğunu qeyd edib. O, geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyəti dövründə düşünülmüş və cəsarətli qərarları ilə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdiyini vurğulayıb. Qeyd edib ki, xalqımız bugünkü firavan həyata, müstəqilliyimizin əbədi və dönməz olmasına, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasına görə Ulu Öndər Heydər Əliyevə borcludur.
Həmçinin, Milli Məclisin deputatları Musa Quliyev, Etibar Əliyev və YAP Veteran Şurasının üzvü, əməkdar elm xadimi, professor Şahlar Əsgərov çıxış edərək öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin xidmətlərindən və onun Azərbaycan xalqına verdiyi töhfələrdən danışaraq davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın, Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu diqqətə çatdırıblar.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Heydər Əliyevin 100 illik“ yubiley medalı ilə təltif olunmuş şəxslərə medallar təqdim edilib, YAP Suraxanı rayon təşkilatının ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxs Təşəkkürnamə ilə təltif edilib, eləcə də, Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub.
Daha sonra davam edən konsert proqramında Respublikanın əməkdar artistləri Zakir Əliyev, Gülüstan Əliyeva, Muğam Televiziya Müsabiqəsinin laureatı Kamilə Nəbiyeva, sevilən ifaçı Rəvan Qarayev, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin “Nəğməli Bakı” vakal instrumental ansanblı çıxış ediblər.
Keçidlər