Suraxanıda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
13 mart 2023 | 09:04
Martın 13-də Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə “Heydər Əliyev ili” çərçivəsində “Xalqın adamı” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxın nümayişindən sonra tədbir 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təqdimatında Ümummilli Liderə həsr olunmuş şer və ifalardan ibarət bədii kompozisiya ilə davam edib.
Daha sonra çıxış edən 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin direktoru Elza Orucova və V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin direktoru Dadaş Əliyev qonaqlara tədbirdə iştirakları üçün təşəkkürlərini bildirərək Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu vurğulayıblar.
Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Sevinc Ağayeva və YAP Suraxanı Rayon Təşkilatının nümayəndəsi Kürsüm Həsənova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayaraq qeyd ediblər ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.
Sonda xatirə şəkilləri çəkilib.