Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi

30 dekabr 2023 | 16:23
Suraxanıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi
 Dekabrın 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatların, YAP Suraxanı rayon təşkilatının və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Şəhid ailələri və qazilərin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, ziyalıların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
 Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açıb. Həmçinin, Şəhidlərimizə Allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə bir daha hörmət və ehtiramını bildirib.
 Bayram tədbirində Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək xoş arzularını və təbriklərini çatdırıblar. Qeyd olunub ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günün əhəmiyyətindən danışılaraq bildirilib ki, bu bayram xalqımızın həmrəyliyinin möhkəmlənməsində xüsusi rol oynayır.
 Həmçinin, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanım Rəhimova, 279 saylı tam orta məktəbin direktoru Südabə Abdullayeva, 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Fikrət Zeynalov, Mirzəağa Əliyev adına Mədəniyyət evinin direktoru Cavid Məmmədov və 1-ci Qarabağ müharibəsinin şəhidi Qadir Mikayılovun qızı Vəfa Qüdrətli çıxış edərək tədbir iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və "Yeni il” münasibəti ilə təbrik ediblər.
 Tədbir sevilən incəsənət nümayəndələrinin ifaları ilə davam edib. Respublikanın xalq artisti Teyyub Aslan, əməkdar artistlər Aygün Bəylər, Ağalar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Vüqar Əbilov, sevimli müğənnilər Elvin Əhməd, Məzahir Fikrətoğlu, aşıq Gözəl Kəlbəcərli, gənc ifaçılar Rəvan Hüseynov, Əli Feyzullayev, eləcə də sevilən “İnci” rəqs ansamblı çıxışları ilə hər kəsi feyziyab ediblər.
 Tədbirdə rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Eyni zamanda RİH başçısı Əziz Əzizov Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra təltif edilmiş şəhid Qasımov Kamal Hüseyin oğlunun 3 dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalını onun anası Sevinc xanıma təqdim edib.
Keçidlər