Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
04 oktyabr 2022 | 16:44
Oktyabrın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon idarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin səlahiyyətlərini icra edən Rasim Kazımov, RİH başçısının müavinləri və şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Suraxanı Rayon İcra Hakimiyyətinin Akt zalında keçirilən tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını bildirib.
Ə.Əzizov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlətimizin başçısının bu amili dövlət siyasətinin prioritetləri sırasına daxil etməsindən xəbər verir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.
Daha sonra ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Suraxanı rayonunda təhsil müəssisələrinin yenidənqurmadan sonra açılış mərasimlərində iştirakları ilə bağlı videoçarx nümayiş olunub.
Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və müəllimlər çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu, yaradılan bu şəraitə görə ölkə başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər.
Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi pedaqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.