Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
07 mart 2023 | 09:59
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-i yanında Şuranın üzvləri, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar, YAP Suraxanı Rayon Təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, ziyalılar, iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Daha sonra akt zalında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi, həmçinin vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan qadınına, onun ictimai həyatdakı roluna və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid analarını və həyat yoldaşlarını, eləcə də bütün xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs edərək, Azərbaycan qadınının mehriban ana, qayğıkeş həyat yoldaşı, dövlət idarəçiliyində müdrik rəhbər olduğunu vurğulayıb.
Ə.Əzizov çıxışında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayının təşkil edildiyini və bu hadisənin ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri olduğunu, bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında iştirakının əsasının qoyulduğunu qeyd edib.
Diqqətə çatdırıb ki, Ulu Öndərin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Afət xanım Həsənova, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan, dövlət qayğısından danışaraq bildiriblər ki, ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır.
Həmçinin, Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, şəhid atası Ceyhun Hüseynov, qazi Fərahim Əmili, S.Bəhlulzadə adına xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi Almaz Abbasova və Qurban Abbasov adına Mədəniyyət sarayının bədii rəhbəri Bəhiyyə Nağıyeva çıxış edərək bütün xanımları təbrik ediblər.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna Suraxanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlar, eləcə də tədbirdə iştirak edən bütün xanımlara hədiyyələr təqdim olunub.