Suraxanıda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd edilib
05 oktyabr 2023 | 15:04
Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Oktyabrın 5-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş təhsil konfransı keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon Prokuroru Rəşid Mahmudov, Suraxanı rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon idarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Baba Salayev, rayonun, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, müəllimlər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 5 oktyabr – Beynəlxalq Müəllimlər gününə həsr olunmuş video-çarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını bildirib.
Ə.Əzizov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlət başçımızın bu sahəyə olan böyük diqqətinin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.
Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon idarəsinin rəisi Rauf Məmmədov və məktəb direktorları çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu, yaradılan bu şəraitə görə ölkə başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər.
Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi pedaqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.
Sonda təhsil işçiləri ilə xatirə şəkilləri çəkilib.