Suraxanıda 226 saylı tam orta məktəbdə xalq yazıçısı Çingiz Abdullayevin məktəblilərlə görüşü keçirilib
28 fevral 2023 | 10:39
Azərbaycan Yazıçılar Birliyinin katibi, “Şöhrət” və “Şərəf” ordeninin sahibi, yazıçı Çingiz Abdullayev Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 226 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb. Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri Rəşad Hacıyev və Könül xanım Axundova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət himni səsləndirildikdən, eləcə də Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra dünya şöhrətli yazıçı Çingiz Abdullayevin yaradıcılığı haqqında iştirakçılara məlumat verilib, onun həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub.
Şagirdlərlə səmimi keçən görüşdə Xalq yazıçısı Çingiz Abdullayev həyatında yaddaqalan hadisələrdən və məqamlardan söz açıb, mütaliənin üstünlükləri, vaxtın düzgün idarə olunması, mənəvi keyfiyyətlərin insan taleyindəki rolundan danışıb. Qonaq məktəblilərə gələcək təhsil pillələri və müstəqil həyat yollarında diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib.
Canlı ünsiyyət şəraitində keçən görüşdə yazıçı Cingiz Abdullayev şagirdləri maraqlandıran sualları cavablandırmışdır.
Görkəmli yazıçı Çingiz Abdullayevin əsərlərinin nəinki Azərbaycanda, eləcə də dünyanın yüzlərlə ölkəsində böyük məhəbbətlə oxunduğunu vurğulayan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirib ki, insanın dünya görüşü yüksək olduqca onun cəmiyyətdəki rolu, fəaliyyəti də artır, mənsub olduğu cəmiyyətə, xalqa daha çox fayda verə bilir. Bunları şərtləndirən səbəblərdən biri də kitabla ünsiyyətdir. İnsan nə qədər çox mütaliə edərsə onun mənəviyyatı, dünya görüşü bir o qədər çox zənginləşər, nitqi , təfəkkürü , fikr və düşüncələri inkişaf edər.
Milli Məclisin deputatı Etibar Əliyev də çıxış edərək gənclərimizi xalqın mədəni inkişafı naminə daha çox bədii kitab oxumağa səsləyib.
Sonda məktəbin direktoru Arzu Məmmədova qonaqlara təşəkkürünü bildirib və xatirə şəkli çəkilib.