Suraxanıda 15 may - Beynəlxalq Ailə günü qeyd edildi
15 may 2025 | 16:47
15 may – Beynəlxalq Ailə günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Suraxanı Gənclər evinin birgə təşkilatçılığı ilə “Sağlam ailə- sağlam gələcək” adlı tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, eləcə də ailə dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olunub.
Tədbirdə dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışan, cəmiyyətin formalaşmasında ailənin mühüm rol oynadığını diqqətə çatdıran Suraxanı Gənclər evinin direktoru Cəbi Quliyev bildirib ki, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə hər zaman böyük önəm verilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva çıxışında bu əlamətdar günün mahiyyətindən söz açaraq qeyd edib ki, Beynəlxalq ailə gününün keçirilməsində əsas məqsəd məhz ailənin cəmiyyət üçün vacib və əvəzolunmaz olduğunu vurğulamaq, ailə institutunun gücləndirilməsinə, ailədaxili münasibətlərin möhkəmləndirilməsinə və ailə dəyərlərinin qorunub saxlanmasına xidmət etməkdir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva sağlam həyat tərzinin təbliğ edilməsi ilə bağlı təqdimatla çıxış edərək tütünçəkmə və digər zərərli vərdişlərin ailələrə vurduğu mənfi təsirlər haqqında ətraflı məlumat verib.
85 nömrəli tam orta məktəbin direktoru Nuranə Yəhyayeva da çıxışında valideyn və müəllimlərlə ailə - uşaq - məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə yaranan problemlər və onlardan çıxış yolları istiqamətində məlumat verib.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.