Suraxanıda 15 İyun – Milli Qurtuluş günü qeyd olundu
14 iyun 2023 | 12:47
Suraxanıda 15 İyun – Milli Qurtuluş günü qeyd olundu
İyunun 14-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı təntənəli tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər.
RİH-in akt zalında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Əziz Əzizov çıxış edərək bu günün xalqımız üçün əsl qurtuluş tarixi olduğunu vurğulayıb. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında həlledici rol oynadı. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Həmin uğurun bariz nümunəsi 2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən böyük Zəfər və Qələbədir.
Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının direktoru Xəyalə Veyisova da Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edərək qədirbilən xalqımız tərəfindən böyük xilaskarın xidmətlərinin heç zaman unudulmayacağını bildiriblər.
Sonda incəsənət xadimlərinin ifasında Ulu Öndərə həsr olunmuş çıxışlar təqdim edilib.